RU

Yuxu pozğunluğuna səbəb ola biləcəyi üçün yatmazdan əvvəl qəbul edilməməli qidalar açıqlanıb

Bir çox insan axşam yeməyi ilə yuxusuzluq arasındakı əlaqəni kiçik hesab edir. Halbuki yuxu pozğunluqlarının əsas səbəblərindən biri məhz qidalanma vərdişləridir.

Editor.az xəbər verir ki, dietoloq Alina Qalkina yuxu keyfiyyətinə mənfi təsir göstərən qidalar barədə məlumat verib.

Onun sözlərinə görə, ən başlıca risk qrupuna kofein tərkibli məhsullar daxildir. Buraya yalnız qəhvə deyil, həmçinin tünd çay, şokolad və enerji içkiləri də aiddir: “Kofenin mərkəzi sinir sistemini stimullaşdırır, oyanıqlığı artırır və təsiri 6–8 saat davam edə bilər. Bir fincan çayın sizə təsir etmədiyini düşünsəniz belə, biokimyəvi səviyyədə normal yuxu rejimini poza bilər”.

Qalkina əlavə edib ki, axşam saatlarında şəkər və sürətli karbohidratlarla zəngin qidaların qəbulu da məhdudlaşdırılmalıdır.

“Şirniyyatlar, un məmulatları və digər şirin qidalar qanda şəkərin kəskin yüksəlməsinə, daha sonra isə sürətlə enməsinə səbəb olur. Bu cür dalğalanmalar gecə oyanmalarına, narahatlığa və səthi yuxuya gətirib çıxara bilər,” – deyə o qeyd edib.

Mütəxəssis ağır və yağlı qidaların da yuxuya mənfi təsir göstərdiyini vurğulayıb: “Qızardılmış yeməklər, fast-food məhsulları və yağlı ətlər uzun müddət həzm olunur və həzm sisteminə əlavə yük yaradır. Nəticədə orqanizm dincəlmək əvəzinə aktiv işləməyə davam edir ki, bu da ağırlıq hissi, diskomfort və yuxuya getməkdə çətinliklə özünü göstərir”.

“Bundan əlavə, ədviyyəli qidalar da yuxu keyfiyyətini pisləşdirir. Xüsusilə yeməkdən dərhal sonra uzanmaq mədə yanmasına və mədə selikli qişasının qıcıqlanmasına səbəb ola bilər. Üfüqi vəziyyətdə olmaq isə yuxu rejimini pozan qastroezofageal reflüks riskini artırır,” – deyə Qalkina əlavə edib.

Alkoqol da yuxu pozğunluqlarının geniş yayılmış səbəblərindən biridir. Qısa müddətli rahatlıq hissi yaratsa da, yuxunun strukturunu pozaraq onu səthi və parçalanmış edir. İnsan daha tez yuxuya getsə də, gecə ərzində daha tez-tez oyanır və səhər özünü kifayət qədər dincəlmiş hiss etmir.

Mütəxəssis vurğulayıb ki, yatmazdan əvvəl çox yemək də arzuolunan deyil: “Həddindən artıq qida qəbulu mədənin həddən artıq dolmasına, narahatlığa və orqanizmin istirahət mərhələsinə keçməli olduğu vaxtda həzm proseslərinin aktivləşməsinə səbəb olur”.

Onun fikrincə, ən optimal variant yatmazdan 2–3 saat əvvəl yüngül axşam yeməyi qəbul etməkdir:

“Asan həzm olunan qidalara üstünlük verilməlidir: yağsız zülallar, tərəvəzlər və az miqdarda kompleks karbohidratlar. Bu yanaşma orqanizmə həzm prosesini sakit şəkildə tamamlayaraq keyfiyyətli yuxuya keçməyə imkan verir.

Əgər siz mütəmadi olaraq yuxu problemləri yaşayırsınızsa, yalnız qidalanma deyil, ümumi həyat tərzinizi də nəzərdən keçirməyiniz vacibdir. Bununla belə, axşam qidalanmasının tənzimlənməsi yuxu keyfiyyətini yaxşılaşdırmağın ən sadə və effektiv yollarından biridir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
34
editor.az

1Источники