ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan tibb elminin inkişaf tarixində xüsusi yer tutan akademik Zərifə Əziz qızı Əliyeva həm alim, həm həkim, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ictimai xadim kimi yadda qalmışdır. Onun həyat və fəaliyyəti yalnız bir elmi istiqamətin inkişafı ilə məhdudlaşmamış, bütövlükdə ölkənin səhiyyə sisteminin formalaşmasına və milli kadr potensialının güclənməsinə mühüm töhfələr vermişdir. Aprelin 15-i – akademikin anım günü bu zəngin irsin yenidən dəyərləndirilməsi baxımından əhəmiyyətli bir tarixdir. 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində anadan olan Zərifə Əliyeva erkən yaşlarından elmə və təhsilə böyük maraq göstərmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı fundamental biliklər onun gələcək elmi fəaliyyətinin əsasını qoymuş, o, hələ tələbəlik illərindən etibarən tibb sahəsində ixtisaslaşma yolunu seçmişdir.
1947-ci ildə institutu əla qiymətlərlə bitirən gənc həkim qısa müddət ərzində elmi-tədqiqat fəaliyyətinə qoşularaq oftalmologiya sahəsində özünü təsdiq etməyə başlamışdır. Zərifə Əliyevanın elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizə olmuşdur. Bu infeksion xəstəlik yalnız tibbi deyil, həm də sosial problem kimi cəmiyyət üçün ciddi təhlükə yaradırdı. Alimin təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən kompleks profilaktik və müalicə tədbirləri nəticəsində traxoma tədricən aradan qaldırılmış, ölkə bu ağır xəstəlikdən xilas edilmişdir. Onun sintomisinlə müalicə metoduna dair elmi əsaslandırmaları praktik səhiyyədə geniş tətbiq olunaraq mühüm nəticələr vermişdir. Alimin tədqiqatları yalnız traxoma ilə məhdudlaşmamış, qlaukoma, görmə orqanının iltihabi xəstəlikləri, virus mənşəli göz patologiyaları və peşə xəstəlikləri kimi aktual problemləri də əhatə etmişdir. Xüsusilə kimya sənayesi işçilərində görmə orqanının zədələnməsinə dair apardığı fundamental araşdırmalar onu bu sahədə qabaqcıl alimlərdən birinə çevirmişdir. Moskvanın nüfuzlu elmi mərkəzində müdafiə etdiyi doktorluq dissertasiyası oftalmologiyada yeni istiqamətin – peşə patologiyasının elmi əsaslarının formalaşmasına töhfə vermişdir.

Zərifə Əliyeva elmi fəaliyyətlə yanaşı, praktik səhiyyədə də fəal iştirak etmiş, minlərlə xəstəyə şəfa vermiş, mürəkkəb cərrahi əməliyyatlar həyata keçirmişdir. Onun fəaliyyəti yalnız paytaxtla məhdudlaşmamış, regionlarda xəstəlik ocaqlarının araşdırılması, yerli həkimlərin maarifləndirilməsi və əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması istiqamətində geniş miqyas almışdır. Xüsusilə uşaq evlərində yayılan traxomanın qarşısının alınmasında göstərdiyi xidmətlər onun humanist missiyasının bariz nümunəsidir. Akademik Zərifə Əliyevanın elmi irsi olduqca zəngindir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olmuşdur. “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” kimi əsərləri bu gün də mütəxəssislər üçün mühüm elmi mənbə olaraq qalır. Onun elmi fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi xüsusi qeyd olunmalıdır. Zərifə Əliyeva eyni zamanda yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun rəhbərliyi altında formalaşan gənc alimlər və həkimlər nəsli bu gün də Azərbaycan səhiyyəsinin inkişafında fəal rol oynayır.
O, həkim peşəsinin etik və mənəvi tərəflərinə xüsusi önəm verərək, “Yüksək etimad” əsərində bu məsələləri geniş şəkildə şərh etmişdir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva ölkə tarixində bu ada layiq görülən ilk qadın oftalmoloq alim kimi mühüm bir mərhələnin əsasını qoymuşdur. Onun elmi və ictimai fəaliyyəti respublikanın elmi potensialının gücləndirilməsinə, səhiyyə sisteminin modernləşdirilməsinə və beynəlxalq elmi əlaqələrin inkişafına xidmət etmişdir. Akademik Zərifə Əliyevanın şəxsiyyəti yalnız elmi nailiyyətləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilirdi. Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, o, mərhəmət, xeyirxahlıq və humanizm kimi ali dəyərləri özündə birləşdirən nadir insanlardan idi. Prezident cənab İlham Əliyevin fikirlərində də onun həm alim, həm ana, həm də insan kimi bütöv və nümunəvi obrazı aydın şəkildə əks olunur.
1985-ci il aprelin 15-də dünyasını dəyişən görkəmli alim bu gün də Azərbaycan xalqının yaddaşında yaşayır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkədə oftalmoloji xidmətlərin inkişafında aparıcı rol oynayır və alimin zəngin elmi irsinin davam etdirilməsinin bariz nümunəsidir. Akademik Zərifə Əliyevanın həyat yolu və fəaliyyəti göstərir ki, elmə sədaqət, peşəkarlıq və insanlara xidmət prinsipi bir araya gəldikdə cəmiyyət üçün böyük dəyərlər yarana bilər. Onun irsi Azərbaycan səhiyyəsinin inkişaf strategiyasında mühüm yer tutmaqla yanaşı, gələcək nəsillər üçün də örnək olaraq qalır.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.