RU

Britaniya şirkəti Azərbaycan qızılının satışından əldə etdiyi gəlirləri açıqlayıb

Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalı ilə məşğul olan "Anglo Asian Mining" PLC (AAM) şirkətinin qızıl hasilatı bu ilin ilk rübündə 0,6% artaraq 6 062 unsiya olub. Bunun 4 842 unsiyası qızıl dore tərkibində, 1 220 unsiyası isə flotasiya və SART prosesi ilə əldə edilib.

APA-Economics” bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə mis istehsalı 3 177 ton artaraq 3 711 ton təşkil edib. İstehsalın 1 462 tonu Gədəbəy yatağında, 2 249 tonu isə Dəmirli yatağında həyata keçirilib.

Mədən şirkətinin gümüş istehsalı isə 41,2% və ya 12 481 unsiya artaraq 42 796 unsiyaya çatıb.

Satışlara gəldikdə, qızıl külçə satışı 653 unsiya (-13,7%) azalaraq 4 100 unsiya olub. Buna baxmayaraq, qızılın orta satış qiymətinin 1 885 dollar (+66,3%) artaraq 4 728 dollar/unsiya səviyyəsinə yüksəlməsi ümumi gəlirin artmasını təmin edib.

Belə ki, mədən şirkəti bu ilin ilk rübündə qızıl külçə satışından 19,4 mln. dollar gəlir əldə edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Britaniya şirkətinin qızıl gəlirləri 43,5% və 5,9 mln. dollar artıb. 2025-ci ilin ilk rübündə bu rəqəm 13,5 mln. dollar təşkil edib.

AAM-in konsentrat satışları ümumilikdə 18 553 ton təşkil edib və bu satışların dəyəri 45,6 mln. dollar olub. Gədəbəy üzrə satış həcmi 5 563 ton (+239%) artaraq 7 890 ton, dəyəri isə 20,1 mln. dollar (+490%) artaraq 24,2 mln. dollar təşkil edib.

Maliyyə göstəricilərinə əsasən, şirkətin pul vəsaitləri 7 mln. dollar (+23,2%) artaraq 37,2 mln. dollara, borclar isə 8,4 mln. dollar (-30,1%) azalaraq 19,5 mln. dollara düşüb. Nəticədə, xalis pul mövqeyi 15,4 mln. dollar (+669%) artaraq 17,7 mln. dollara yüksəlib.

Şirkətin hesabat dövrünün sonunda satılmamış qızıl dore və mis konsentratı ehtiyatlarının dəyəri isə 30,8 mln. dollar təşkil edib.

Xatırladaq ki, “Anglo Asian” 1997-ci il avqustun 21-də imzalanan hasilatın pay bölgüsü (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.

Избранный
21
4
apa.az

5Источники