RU

Yüksək əqidə sahibi haqqında bir neçə söz...

Qadın bəşərin üstün varlığıdır, çünki həm də anadır. Analar dövlətin dayağı üçün, cəmiyyət üçün övlad böyüdür, tərbiyə verir. Ona görə istisnasız olaraq müqəddəsləşirlər. Amma qadın elmi, düşüncəsi, təfəkkürü, xoş məramı ilə bir millət üçün, dünya üçün faydalı olursa, artıq həmin qadın dahidir. Bizim Zərifə Əliyeva bu keyfiyyətlərin harmoniyası ilə formalaşaraq elm aləmində əvəzsiz mövqe qazandı, dahi qadın kimi adını dünya tarixində həkk etdi.

Azərbaycan qadınının ümumbəşəri idealları özündə birləşdirən obrazı olan akademik Zərifə xanım Əliyeva dünya şöhrətli alim kimi məhz belə yüksək məqamlarla yadda qalaraq heç vaxt unudulmayacaq sevgi ünvanı oldu. 

Şərq qadını bilikdən uzaq, mövhumat saçır kimi absurd deyimləri pərən-pərən edərək, parlaq zəkası ilə əməliyyat otaqlarında nur paylayan Zərifə xanım Azərbaycanın tibb elminə şöhrət gətirərək fenomen olmağı bacardı. Ümidsiz, inamsız, dünya işığına həsrət olan xəstələrin həyatına işıq saçdı, onları xoşbəxtliyə qovuşdurdu. Mübaligəsiz onun hər əməliyyatı tələbələri üçün canlı dərs vəsaiti oldu. Xəstələrin qəlbində ümid, gözlərində isə həyat işığı yaratmaq onun gündəlik missiyasını təşkil edirdi və ona görə də hamı tərəfindən ürəkdən sevilirdi. Zərifə xanım həkim kimi əməliyyat otaqlarında, yenilikçi alim kimi auditoriyalarda səhiyyəmizdə yeni səhifələr açaraq elmi araşdırmaları ilə gələcək nəsillərə yol göstərirdi. Bu yol ölkəmizdən başlayaraq dünya səviyyəsində oftalmologiyanın inkişafına həsr olunmuş gənc tədqiqatçılar və gələcək alimlər üçün elmi zirvəyə aparan parlaq bir təcrübə oldu. Akademik Zərifə xanımın məqalələri, monoqrafiyaları, ixtiraları və müəllifi olduğu kitablar beynəlxalq elmi ictimaiyyətdə oftalmologiya sahəsində etalon hesab olundu, tibbin bu sahəsində çalışan həkimlər və tədqiqatçılar üçün əvəzsiz yaddaş kitabına çevrildi. Həkim və müəllim kimi Zərifə xanım tələbələrə biliklə yanaşı həm də elmi metodologiya və etik dəyərlər aşıladı. Onun elmi nüfuzu və uğurları Azərbaycanın adına böyük şərəf gətirdi. 

Həkim kimi beynəlxalq tibbi konfranslarda iştirakçı olanda bu böyük alimimizin adı çəkildikdə biz qürurla başımızı ucaldırıq. Çünki Zərifə xanım xalqımız üçün, dünya üçün nadir alim və müəllim nümunəsidir. Onun fəaliyyət yolu isə elmin inkişafına və gənc tədqiqatçıların yetişməsinə misilsiz töhfədir. 

Zərifə xanım kamil nümunə kimi həm də millətə atalıq missiyasını şərəflə yerinə yetirən, dağılmaqda olan bir ölkənin müstəqilliyini qoruyan, yaşadan qurtuluşçu liderin ömür-gün yoldaşı, Azərbaycanla iki əsrdən çox düşmənçilik aparanlarla mübarizədən qalib ayrılaraq xalqımıza zəfər bəxş edib hər birimizin qəhrəmanına çevrilən sərkərdənin, böyük liderin anasıdır. Tarixi qalibiyyət şübhəsiz ki, hörmətli akademikin ana kimi verdiyi böyük tərbiyənin və aşıladığı dəyərlərin parlaq nəticəsidir! 
Bu, Zərifə xanımın şərəfli həyat yolunun, Azərbaycan qadınının gücünün, müdrikliyinin və böyüklüyünün ən parlaq nümunəsidir. Təqvimin 15 aprel günü ölkəmizin elm ictimaiyyəti, səhiyyəsi və bütövlükdə xalqımız üçün ağır gündür. Məhz bu gündə akademik Zərifə Əliyeva haqq dünyasına qovuşub. Lakin onun işıqlı xatirəsi hər zaman qəlbimizdədir, onu yaşadır və sonsuz bir sevgi ilə xatırladır. Çünki Zərifə xanım böyük doğulmuşdu, ana, alim, həkim və ictimai xadim kimi də böyüklüyünü qoruyub saxladı. Ruhun şad olsun, zülmətləri yarıb ünvanına gələnlərə nur bəxş edən yüksək əqidə sahibi. Həmişə xalqımızın qəlbində yaşayacaq əziz xatirən həm bizə, həm də gələcək həkimlərə ilham verəcək. 

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı

Избранный
10
1
sabahinfo.az

2Источники