RU

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri ADAU da olublar

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 15 aprel, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlarla görüşdə rektor Zəfər Qurbanov ADAU-da həyata keçirilən ikili diplom proqramları, mövcud maddi-texniki baza, kənd təsərrüfatı müəssisələri, eləcə də milli və transmilli şirkətlərlə qurulan əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, universitetin əsas hədəflərindən biri məzunların işlə təmin olunmasıdır. Bu məqsədlə təhsil proqramları işəgötürənlərin tələblərinə uyğunlaşdırılır, onların karyera inkişafı üçün zəruri dəstək mexanizmləri tətbiq edilir. Eyni zamanda, bakalavriat pilləsində tədris proqramlarının yenilənməsi də prioritet istiqamətlər sırasındadır.

Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.

Şuranın sədri, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin rəhbəri Mürvət Həsənli çıxışında məzunu olduğu ADAU ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirərək, əlaqələrin intensiv və davamlı şəkildə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Şura sədri vurğulayıb ki, universitet artıq mühüm elmi mərkəz kimi formalaşıb. O, elmi tədqiqatların istehsalat sahəsi ilə daha sıx inteqrasiyasının vacibliyini də diqqətə çatdırıb.

Şuranın sədr müavini, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvü Emin Əliyev, Şuranın katibi, ADAU-nun Zoomühəndislik fakültəsinin dekan müavini, “Azərbaycan Maarifçilər Assosiasiyası”nın üzvü Günel Əmiri, “Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədr müavini Jalə Əmirbəyova, “Azərbaycan Taxıl İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Niyazi Əmirbəyov, “Azərbaycan Gül İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Laləzar İmamquliyeva, “Peşəkar Arıçılar” İctimai Birliyinin sədri Elxan Ələkbərov, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlı və "Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Samir Eyyubov çıxış edərək fikirlərini səsləndiriblər.

Rəsmi görüşdən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri ADAU-nun müasir laboratoriyaları, İnnovasiyalar Mərkəzi, ADAU TV internet televiziyasının studiyası, Gəncə Dövlət Aqrar Kolleci, Tələbə parkı, Baytarlıq təbabəti fakültəsinin maddi-texniki bazası, istixana kompleksi, eləcə də Açıq və qapalı balıqyetişdirmə laboratoriyası ilə tanış olublar.

Müxbir - Elcan Məmmədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
1
azertag.az

2Источники