Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bu gün biz Azərbaycanın tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın əziz xatirəsini dərin ehtiram və hörmətlə yad edirik. O, yalnız böyük alim deyil, həm də yüksək mənəvi dəyərlərə sahib, insanlara xidmət etməyi həyatının əsas məqsədinə çevirən parlaq şəxsiyyət idi. Azərbaycanın tanınmış ziyalısı və dövlət xadimi olan Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım bu mühitdən aldığı dəyərləri daim yaşatdı və daha da zənginləşdirdi.
Zərifə xanım Əliyeva bütün ömrünü səhiyyənin inkişafına həsr etmiş, oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər qazanmışdır. Xüsusilə traxoma kimi ağır xəstəliyə qarşı apardığı mübarizə nəticəsində minlərlə insanın görmə qabiliyyəti qorunmuş, onun təklif etdiyi müalicə üsulları bütün respublikada tətbiq edilərək bu xəstəliyin aradan qaldırılmasına böyük töhfə vermişdir. O, fədakar həkim kimi ölkəmizin müxtəlif bölgələrinə gedərək xəstələrlə birbaşa işləyir, xüsusilə kimsəsiz uşaqların sağlamlığının qorunmasına ayrıca diqqət yetirirdi. Bu isə onun humanizmini və insanlara olan dərin sevgisini açıq şəkildə göstərirdi.
Akademik Zərifə Əliyeva eyni zamanda böyük pedaqoq idi. Onun rəhbərliyi altında yüzlərlə gənc həkim yetişmiş, 150-yə yaxın elmi əsəri ilə Azərbaycanın tibb elminə dəyərli töhfələr vermişdir.
Zərifə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı kimi onun məsuliyyətli dövləti fəaliyyətində ən böyük dayaqlardan biri olmuş, ailədə yüksək mənəvi mühit yaratmış, eyni zamanda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin anası kimi gələcək Liderin formalaşmasında müstəsna rol oynamış, vətənə sevgi, məsuliyyət və insanlara xidmət kimi ali dəyərləri aşılamışdır. Onun mənalı həyatı bizə öyrədir ki, insanın böyüklüyü yalnız elmi nailiyyətlərində deyil, həm də cəmiyyətə verdiyi dəyərlərdə və yetişdirdiyi nəsildə əks olunur.
Bu gün akademik Zərifə Əliyevanın adı, ucaltdığı ali mənəvi dəyərlər və zəngin elmi irsi xalqımızın qəlbində dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yaşayır, onun işıqlı ömür yolu, elmə və insanlığa xidmət nümunəsi isə indiki və gələcək nəsillərə əbədi örnək olaraq qalır.
Azay Quliyev, millət vəkili
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.