RU

Doludan sığortalanma neçəyə başa gəlir?

Ötən gün paytaxtın əksər ərazilərinə dolu yağdı. Dolu Bakı üçün nadir hal olsa da, bölgələrdə bu, adi təbiət hadisəsi hesab olunur. Rayonlarda əkinçiliklə məşğul olanlar isə əsasən dolunun məhsula vurduğu zərərdən gileylənirlər. 

Aqrar sektora ən çox zərər vuran təbiət hadisələrindən biri dolu olduğuna görə, bu riskdən sığortalanmaq mümkündürmü? Ümumiyyətlə, doludan sığortalanma təxminən neçəyə başa gəlir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, ötən gün Bakının bir çox ərazilərində dolu yağması diqqət çəkdi:

“Paytaxt üçün nadir sayılan bu hadisə bölgələrdə daha tez-tez baş verir və xüsusilə əkinçiliklə məşğul olanlar üçün ciddi risk yaradır. Dolu kənd təsərrüfatında məhsula ən çox zərər vuran təbiət hadisələrindən biri hesab olunur. Azərbaycanda aqrar sığorta sistemi vasitəsilə dolu riskindən sığortalanmaq mümkündür. Bu sığorta növü əkin sahələrini müxtəlif təbii fəlakətlərdən, o cümlədən doludan qorumağa imkan verir”. 

396691

Ekspert qeyd edib ki, sığorta haqqı bir neçə amildən asılı olaraq dəyişir:

“Bunlara əkilən məhsulun növü, sahənin ölçüsü, yerləşdiyi region və risk səviyyəsi daxildir. Sığorta haqqının 50%-i dövlət tərəfindən subsidiya edilir, yəni ödənilir və fermer yalnız 50%-ni ödəyir. Praktikada fermerin ödədiyi məbləğ ümumi sığorta haqqının yarısı qədər olur. Məsələn, bir hektar sahə üçün sığorta haqqı məhsuldan asılı olaraq təxminən 10-50 manat arasında dəyişə bilər. Daha riskli və ya yüksək dəyərli məhsullar üçün bu məbləğ daha yüksək ola bilər”.

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

“Dolu kimi təbii hadisələrin yaratdığı zərərlərin qarşısını tam almaq mümkün olmasa da, aqrar sığorta vasitəsilə maliyyə itkilərini minimuma endirmək mümkündür. Sadəcə olaraq fermerin mülkiyyət sənədləri qaydasında olmalıdır”.

Günel Cəlilova

Избранный
17
hit.az

1Источники