RU

İsrail və Livan 30 ildən sonra ilk dəfə danışıqlar masasında

İsrail və Livan nümayəndələri arasında ABŞ-da yüksək səviyyəli görüş keçirilib.

News365.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Vaşinqtondakı qərargahında baş tutan bu görüş 1993-cü ildən bəri ilk belə təmas kimi tarixə düşüb.


Görüşdə ABŞ Dövlət katibi Marko Rubio, Livanın ABŞ-dakı səfiri Nada Hamadeh, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, ABŞ-ın Livandakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem iştirak ediblər.

Politoloq Turan Rzayevin sözlərinə görə, görüşün keçirilməsi regionda gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, hazırda İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlar aparır və bu əməliyyatlar nəticəsində minlərlə insan həlak olub, milyonlarla şəxs isə evlərini tərk etmək məcburiyyətində qalıb.

ABŞ tərəfi danışıqları “Hizbullah”ın fəaliyyətinə qarşı zəruri addım kimi qiymətləndirib. Rəsmi Vaşinqton qeyd edib ki, İsrailin Livan dövləti ilə deyil, məhz “Hizbullah”la qarşıdurması var və bu səbəbdən tərəflər arasında dialoqun qurulması vacibdir.

Ekspert vurğulayıb ki, İsrail üçün əsas təhlükə Livan dövləti deyil, ölkə daxilində güclü təsirə malik olan “Hizbullah”dır. Bununla belə, hərbi əməliyyatlar zamanı mülki itkilərin artması İsrailin mövqeyinə mənfi təsir göstərir və rəsmi Beyrutun narahatlığını artırır.

Qeyd olunub ki, İsrail Baş naziri Benyamin Netanyahu danışıqlardan əvvəl “Hizbullah”ın tam tərksilah edilməsini və uzunmüddətli sülh razılaşmasını prioritet kimi irəli sürüb. Təl-Əviv bu məqsədlə Livan ərazisində təhlükəsizlik zonalarının yaradılmasını nəzərdə tutan plan təklif edib.

Livan tərəfi isə danışıqları ilkin mərhələ kimi qiymətləndirir və əsas məqsədin hərbi əməliyyatlarda fasiləyə nail olmaq olduğunu bildirir. Rəsmi Beyrut “Hizbullah”ın tərksilahının qısa müddətdə mümkün olmadığını və bunun zaman tələb etdiyini qeyd edir.

Turan Rzayev hesab edir ki, “Hizbullah”ın Livanda yalnız hərbi deyil, həm də ciddi sosial-siyasi təsirə malik olması prosesi çətinləşdirən əsas amillərdəndir. Buna baxmayaraq, tərəflər arasında dialoqun başlanması müsbət addım kimi dəyərləndirilir və danışıqların davam edəcəyi istisna edilmir.

Politoloqun fikrincə, regionda sabitliyin təmin olunması üçün “Hizbullah”ın tərksilahı əsas şərtlərdən biridir. Əks halda, Livanda gərginliyin davam edəcəyi və İsrailin hərbi əməliyyatlarının daha da genişlənə biləcəyi ehtimal olunur.

Избранный
24
news365.az

1Источники