Bakı, 15 aprel, AZƏRTAC
“Wall Street Journal” qəzetinin çərşənbə günü verdiyi məlumata görə, Avropa ABŞ-nin NATO-dan çıxması ehtimalına qarşı Alyansın hazırkı hərbi çərçivəsindən istifadə edərək özünün müdafiə qabiliyyətini təmin etmək üçün ehtiyat planı hazırlayır.
AZƏRTAC xəbər verir ki, qəzetin analitik məqaləsində bəzi hallarda “Avropa NATO-su” adlandırılan bu ideyanın uzun müddətdir daha müstəqil yanaşmaya qarşı olan Almaniya Kansleri Fridrix Mertsin də dəstək verməsindən sonra geniş vüsət aldığı bildirilir. Qeyd olunur ki, əlaqədar rəsmilər Alyans daxilində əsas komandanlıq vəzifələrinə daha çox avropalı yerləşdirmək və ABŞ-nin hərbi imkanlarını tədricən öz resursları ilə əvəz etmək istəyirlər.
Qəzet yazır ki, NATO çərçivəsində görüşlər və şəxsi toplantılar ətrafında qeyri-rəsmi şəkildə aparılan bu müzakirələr “mövcud Alyansda rəqabət aparmaq” üçün deyil, onu gücləndirmək üçün nəzərdə tutulub. Xəbərlərə görə, Avropa rəsmiləri Vaşinqtonun öz bazalarını Avropadan çıxarması və ya müttəfiqlərin müdafiəsinə gəlməkdən imtina etməsi halında belə, Rusiyaya qarşı çəkindirmə, əməliyyat davamlılığı və nüvə etibarlılığını qorumağı planlaşdırırlar.
Ötən il ilk dəfə düşünülmüş bu planlar Avropanın ABŞ dəstəyinin etibarlılığı ilə bağlı artan narahatlığını əks etdirir. ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı Danimarkadan almaq ideyasını irəli sürməsindən və Avropanın İrandakı ABŞ hərbi əməliyyatlarını dəstəkləməkdən çəkinməsi ilə bağlı gərginlik fonunda bu planlar təcili hala gəlib.
Məqalədə qeyd olunur ki, bu dəyişikliyin əsas səbəbi Almaniyanın mövqeyinin dəyişməsidir. İllərdir Berlin Fransanın Avropanın daha böyük müdafiə muxtariyyəti təkliflərinə müqavimət göstərərək, təkcə ABŞ-nin təhlükəsizlik zəmanətlərinə güvənib. Lakin Berlin Amerikanın müttəfiq kimi uzunmüddətli etibarlılığına şübhə ilə yanaşaraq bu mövqeyi yenidən nəzərdən keçirir.