RU

Dollar manata “uduzur”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bazar üzrə dedollarlaşma trendləri davam edir. 

2025-ci il ərzində bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1.9 faiz bəndi azalaraq 14.2% (tarixi minimum) olub. 

Depozit portfelinin dollarlaşması 2024-cü ilin sonuna nisbətdə 1.9 faiz bəndi azalaraq 35.6% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı(AMB) məlumat yayıb. 

Qeyd edilib ki, fiziki şəxslərin əmanətləri üzrə dedollarizasiya prosesi davam etməkdədir. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 3.5 faiz bəndi azalaraq 31.4%, tələbli depozitləri üzrə isə 1.4 faiz bəndi azalaraq 31.6% olub. 

“Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 4.7 faiz bəndi artaraq 57.2% təşkil edib. Xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 2.6 faiz bəndi azalaraq 32.7% olub”, - məlumatda vurğulanıb. 

Dolların payının azalması nə ilə bağlıdır? Bu, manata olan etimadın artmasıdır, yoxsa insanların dollar almağa imkanı yoxdur? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dollarlaşmanın azalması adətən bir səbəblə yox, bir neçə amilin birlikdə təsiri ilə baş verir: 

"Bir tərəfdən, bu, manata olan etimadın müəyyən qədər artması ilə bağlıdır. Əgər inflyasiya nəzarətdədirsə, milli valyutanın məzənnəsi sabit qalırsa və Azərbaycan Mərkəzi Bankı pul siyasətini sərt və proqnozlaşdırılan aparırsa, insanlar və şirkətlər risk görməyərək manatla əməliyyatlara daha çox üstünlük verirlər. Faiz dərəcələri də rol oynayır: manatla depozitlər üzrə gəlirlilik daha yüksək olduqda, əmanətçilər dollar əvəzinə manatı seçə bilir". 

Onun sözlərinə görə, iqtisadi və maliyyə şərtləri də təsir edir:

"Əhalinin gəlirləri manatladır və gündəlik xərclər də əsasən manatla aparılır, buna görə də dollar saxlamaq ehtiyacı azalır. Bəzi hallarda isə doğrudan da insanların artıq vəsaiti az olur və dollar almaq prioritet olmur, amma bu tək izah deyil".

Ekspert qeyd edib ki, bank sektorunda struktur dəyişikliklər də mühümdür:

"Kreditlərin daha çox manatla verilməsi, valyuta risklərinin məhdudlaşdırılması və tənzimləyici qaydalar dollar kreditlərini və depozitlərini azaldır. Şirkətlər isə xarici ticarət və ya idxaldan asılı olduqları üçün bəzən dollar depozitlərini artırırlar, buna görə hüquqi şəxslərdə fərqli dinamika görünür.

Yəni dollarlaşmanın azalması həm manatın nisbətən sabit və cəlbedici olması, həm də iqtisadi davranışların dəyişməsi ilə bağlıdır. Sadəcə "insanların dollar almağa imkanı yoxdur" kimi izah etmək bu prosesi tam əks etdirmir". 

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

dollar Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
cebheinfo.az

2Источники