RU

Ağac tingləri niyə fantastik dərəcədə bahadır?

Son dövrlərdə bazarlarda zeytun, badam və digər meyvə ağaclarının tinglərinə maraq xeyli artıb. 

Lakin bu tinglərin qiyməti heç də ucuz deyil. Məlumata əsasən, ağac tinglərinin qiyməti onların növündən, keyfiyyətindən və məhsuldarlıq səviyyəsindən asılı olaraq dəyişir. Belə ki, hazırda bazarda tinglərin qiyməti təxminən 3 manatdan 50 manata qədər dəyişir. Hətta bəzi zeytun ağacı tinglərinin qiyməti fantastik dərəcələrə çatıb. Çünki onların qiymətinin 50-100 min manat olduğu deyilir.

Maraq doğuran əsas məqamlardan biri isə bu qiymətlərin niyə bu qədər yüksək olmasıdır?

İqtisadçı-ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı sektoru geniş təbii resurslara, münbit torpaq, əlverişli iqlim və əhəmiyyətli aqrar potensiala malik olmasına baxmayaraq, müstəqillik dövrünün 35 ili ərzində bu üstünlüklərin tam iqtisadi dəyərə çevrilməsi istiqamətində gözlənilən nəticələr əldə olunmayıb:

“Bu illərə yelə vermişik, heç nə etməmişik. Dövlət tərəfindən aqrar sahəyə ayrılan maliyyə resursları, həyata keçirilən subsidiyalar, dövlət proqramları və müxtəlif dəstək mexanizmlərinə baxmayaraq, sektorun ümumi məhsuldarlığı, rəqabətqabiliyyətliliyi və texnoloji inkişaf səviyyəsi bir sıra hallarda potensial göstəricilərdən aşağı qalmaqdadır. Təəssüflər olsun ki, nəyi dövlət proqramına daxil edirlərsə, o sahə çökür.

Kənd təsərrüfatı sektorunda müşahidə olunan digər ciddi problem xüsusilə meyvə verən və iri ölçülü ağac tinglərinin bazar qiymətlərinin həddindən artıq yüksək olmasıdır. Bu vəziyyətin bir əsas səbəbi odur ki, biz əmtəə görünüşlü məhsul verə biləcək ağacları, tingləri özümüz istehsal edə bilmirik, xaricdən idxal edirik.Niyə? Holland bizdan daha ağıllıdır? Bunun da bir çox səbəbləri var”.

Həmsöhbətimiz qeyd edib ki, ilk növbədə, uzunmüddətli yetişdirmə xərci mühüm amil kimi çıxış edir:

“Meyvə verən ağac sadə ting deyil, illərlə qulluq edilərək formalaşdırılmış bioloji aktivdir və onun qiymətinə bu uzunmüddətli proses, əmək sərfi və risklər daxil edilir. İkinci mühüm amil yüksək logistika və transplantasiya xərcləridir. İri ölçülü ağacların çıxarılması, kök sistemi ilə birlikdə daşınması və yenidən əkilməsi xüsusi texnika, əlavə resurslar və yüksək maliyyə xərcləri tələb edir. Müasir texnologiyalar dövründə müvafiq nazirliyin də cavab verə bilmədiyi suallardan biri də məhdud və sertifikatlı sortların mövcudluğudur ki, bu da qiymət artımına təsir göstərir. 

Yüksək məhsuldarlığa malik, seleksiya olunmuş və ixrac potensialı olan tinglərin istehsalı məhdud olduğundan, bu məhsullar bazarda daha yüksək qiymətlərlə təklif olunur. Səbəblərdən biri də bazarın qeyri-şəffaflığı və tənzimləmə mexanizmlərinin zəifliyi nəticəsində tingçilik və bağçılıq sektorunda vahid qiymət standartlarının olmamasıdır ki, bu da qiymətlərin real istehsal dəyərindən kənara çıxmasına şərait yaradır. Nəhayət, tələb-təklif disbalansı və spekulyativ qiymət artımı da mühüm rol oynayır. Landşaft layihələri, prestij məqsədli alıcılar və məhdud təklif bazarında yaranan rəqabət nəticəsində qiymətlər süni şəkildə yüksələ bilir”.

Ekspert diqqətə çatdırıb ki, bu kontekstdə beynəlxalq təcrübə, xüsusilə kənd təsərrüfatı resursları məhdud olan ölkələrin uğurlu modelləri mühüm müqayisə meyarı kimi əsas götürülməlidir:

“Belə ölkələrdən biri kimi İsrail nümunəsi göstərilə bilər. Bu ölkə su və torpaq resurslarının məhdudluğu ilə tanınsa da, yüksək texnologiyaların tətbiqi, elmi əsaslı idarəetmə və innovativ suvarma sistemləri hesabına kənd təsərrüfatında yüksək məhsuldarlıq və ixrac yönümlü inkişaf modeli formalaşdıra bilmişdir. Dünyaya toxum ixrac edir. İsrail təcrübəsi xüsusilə damcı suvarma texnologiyalarının geniş tətbiqi, quraq və yarımsəhra ərazilərdə yüksək məhsuldarlığın əldə olunması, aqrar elmin birbaşa istehsalata inteqrasiyası, innovasiyaya əsaslanan ixrac yönümlü kənd təsərrüfatı modeli üzrə istiqamətlər diqqət çəkir. Biz nə etmişik?

Bu təcrübə göstərir ki, kənd təsərrüfatında əsas müəyyənedici faktor yalnız təbii resursların bolluğu deyil, daha çox idarəetmə keyfiyyəti, texnologiyaya çıxış və institusional səmərəlilikdir. Azərbaycan isə nisbətən daha əlverişli təbii şəraitə malik olmasına baxmayaraq, mövcud nəticələr göstərir ki:

1.    Mövcud potensial tam səfərbər olunmamışdır 
2.    Məhsuldarlıq bir sıra sahələrdə aşağı səviyyədə qalır 
3.    Kiçik təsərrüfatların bazara inteqrasiyası yetərincə güclü deyil 
4.    Kooperasiya və logistika zəncirləri tam formalaşmayıb 
5.    Elmi tədqiqatlarla real istehsalat arasında zəif əlaqə mövcuddur 
6.    Dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi bəzən nəticəyönümlü deyil, prosesyönümlü xarakter daşıyır.

Bu siyahını uzatmaq olar, ancaq uzatmıram”.

Mütəxəssis vurğulayıb ki, bütün bunlar kənd təsərrüfatına ayrılan resursların effektiv istifadəsi və institusional idarəetmənin təkmilləşdirilməsi məsələsini aktuallaşdırır:

“Kənd təsərrüfatı sektorunda əsas çağırış yalnız maliyyə vəsaitlərinin artırılması deyil, idarəetmə modelinin modernləşdirilməsi, nəticəyönümlü yanaşmanın tətbiqi və innovasiyaya əsaslanan inkişaf strategiyasının qurulmasıdır. 

Bu baxımdan hesab edirəm ki, sektorun davamlı inkişafı üçün köklü institusional islahatlar, rəqəmsallaşma, elm və istehsalatın inteqrasiyası və bazar yönümlü idarəetmə mexanizmlərinin gücləndirilməsi vacibdir. Ümumiyyətlə, hazırkı formatda olan Kənd Təsərrüfatı Nazirliyi ləğv edilib, yenidən beynəlxalq standartların tələblərinə uyğun olaraq təsis edilməlidir. Düzəltməyə çalışsaq, çox vaxtımızı və resursumuzu aparacaq”.

Günel Cəlilova

Избранный
14
9
hit.az

10Источники