RU

“Uğurlu biznes modeli tələbat və innovativ yanaşma əsasında qurulur” -EKSPERT DANIŞDI

“Müasir dövrdə biznes fəaliyyətinin uğurla təşkili üçün ilkin mərhələdə sahəvi bilik və bacarıqların yüksək səviyyədə mənimsənilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib .
Onun sözlərinə görə, belə ki, sahibkar biznes qurmazdan əvvəl seçdiyi sahə üzrə nəzəri biliklərə yiyələnməli və mümkün qədər praktik təcrübə əldə etməlidir:

”Yalnız digər şəxslərin uğur hekayələrinə əsaslanaraq fəaliyyətə başlamaq uzunmüddətli perspektivdə səmərəli nəticələr vermir. Bu baxımdan, ilkin mərhələdə həmin sahədə çalışmaq və ya alternativ olaraq peşəkar biliklər qazanmaq vacib şərtlərdən biri hesab olunur.

Müşahidələr göstərir ki, sosial şəbəkələrdə tez-tez “mövcud kapitala uyğun biznes seçimi” ilə bağlı müraciətlər edilir. Lakin bu tip yanaşmalar əksər hallarda subyektiv tövsiyələrə, kommersiya maraqlarına və ya qeyri-peşəkar istiqamətləndirməyə əsaslanır. Nəticə etibarilə, əsas diqqət maliyyə resurslarından daha çox ideyanın keyfiyyətinə və bazarın real tələblərinə yönəldilməlidir. Uğurlu biznes modeli yalnız istehlakçı tələbatına cavab verən, eyni zamanda rəqabət mühitində fərqlənə bilən innovativ yanaşma əsasında formalaşır.

Biznes fəaliyyətində risk amili isə qaçılmazdır və istənilən sahibkarlıq təşəbbüsü müəyyən qeyri-müəyyənliklərlə müşayiət olunur. Uğurlu sahibkarlar riski tam aradan qaldırmaqdan daha çox onun vaxtında müəyyən edilməsi və effektiv idarə olunması strategiyalarına üstünlük verirlər. Xarici təsirlər, məsələn, qlobal pandemiya kimi gözlənilməz hallar bir çox biznes subyektlərinin fəaliyyətinə ciddi təsir göstərmiş, bəzilərinin isə bazardan çıxmasına səbəb olmuşdur. Bu kimi hallarda hər bir sahə üzrə fərqli yanaşmalar tələb olunduğundan, universal həll mexanizmlərinin tətbiqi mümkün olmur.

Azərbaycan mühitində bizneslərin risklərlə üzləşməsinin əsas səbəblərindən biri idarəetmə prosesinə kifayət qədər diqqət ayrılmaması və ya bu funksiyanın qeyri-peşəkar şəxslərə həvalə edilməsidir. Buna görə də, effektiv idarəetmə, düzgün kadr seçimi və davamlı nəzarət mexanizmləri biznesin dayanıqlığını təmin edən əsas amillər kimi çıxış edir. Ümumilikdə, uğurlu biznes fəaliyyətinin təməlində bilik, təcrübə, düzgün ideya seçimi və çevik risk idarəetməsi dayanır”.

Müəllif: Günay Hacıyeva
Избранный
19
1
sia.az

2Источники