Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan alimlərdən biri kimi tarixə düşmüşdür. O, oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlarla yalnız ölkə daxilində deyil, beynəlxalq elmi ictimaiyyətdə də tanınmışdır. Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi olmuşdur. Kimya sənayesi, neft istehsalı və digər ağır sahələrdə çalışan insanların görmə orqanlarında yaranan problemlərin araşdırılması və bu xəstəliklərin qarşısının alınması istiqamətində apardığı elmi işlər böyük əhəmiyyət kəsb etmişdir.
Alimin doktorluq dissertasiyası da məhz bu sahəyə həsr olunmuş və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, öz tədqiqatlarında yalnız nəzəri yanaşmalarla kifayətlənməmiş, praktik nəticələr əldə edərək onların tətbiqinə nail olmuşdur. Bu isə onun bir alim kimi yenilikçi və uzaqgörən olduğunu göstərir. Zərifə Əliyevanın elmi əsərləri bu gün də aktuallığını qoruyur və gənc tədqiqatçılar üçün mühüm mənbə rolunu oynayır.
Onun elmi fəaliyyətinə verilən yüksək qiymətlərdən biri də M.İ. Averbax adına mükafata layiq görülməsi olmuşdur. Zərifə Əliyeva bu nüfuzlu mükafata layiq görülən ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür. Bu fakt yalnız onun şəxsi uğuru deyil, həm də Azərbaycan qadınının elm sahəsində qazandığı mühüm nailiyyətin bariz nümunəsidir.
Zərifə xanım Əliyevanın fəaliyyətində humanizm və insanpərvərlik xüsusi yer tutmuşdur. O, yalnız xəstələri müalicə edən həkim deyil, eyni zamanda onların problemlərinə həssas yanaşan, qayğıkeş və mərhəmətli bir insan idi. Xüsusilə kimsəsiz uşaqlara göstərdiyi diqqət və qayğı onun yüksək mənəvi keyfiyyətlərini əks etdirirdi. O, bu uşaqların sağlam böyüməsi, tibbi xidmətlə təmin olunması və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm təşəbbüslərlə çıxış etmişdir.
Zərifə Əliyeva həm də fəal ictimai xadim kimi tanınmışdır. O, səhiyyə sisteminin inkişafı, tibbi xidmətin keyfiyyətinin artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində mühüm təkliflər irəli sürmüşdür. Onun ictimai fəaliyyəti cəmiyyətin müxtəlif sahələrini əhatə etmiş və insanların rifahının yüksəldilməsinə xidmət etmişdir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyevanın şəxsiyyətini yüksək qiymətləndirərək onu yüksək mənəviyyata malik, xeyirxah və nəcib insan kimi səciyyələndirmişdir. Onun fikirlərinə görə, Zərifə Əliyeva öz sadəliyi, səmimiyyəti, insanlara olan diqqəti ilə daim seçilmiş və xalqın yaddaşında silinməz iz qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini yüksək qiymətləndirərək onun Azərbaycan qadınının nəcib keyfiyyətlərini özündə cəmləşdirən parlaq şəxsiyyət olduğunu vurğulamışdır. Prezident qeyd etmişdir ki, onun zəngin elmi irsi və mənəvi dəyərləri bu gün də cəmiyyətimiz üçün böyük əhəmiyyət kəsb edir və gələcək nəsillərə örnəkdir.
Zərifə Əliyevanın həyat və fəaliyyəti yalnız yaşadığı dövrlə məhdudlaşmır. Onun zəngin elmi irsi və mənəvi dəyərləri bu gün də yaşayır və gələcək nəsillərə ötürülür. Xüsusilə onun anadan olmasının 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunmuş, keçirilən tədbirlər onun irsinin daha dərindən öyrənilməsinə şərait yaratmışdır.
Bu gün Zərifə Əliyevanın adı Azərbaycan elminin, xüsusilə tibb sahəsinin inkişafı ilə sıx bağlıdır. Onun elmi nailiyyətləri, insanlara göstərdiyi qayğı və cəmiyyətə verdiyi töhfələr onu unudulmaz şəxsiyyətlər sırasına daxil etmişdir.
Nəticə olaraq demək olar ki, Zərifə Əliyeva Azərbaycan tarixində silinməz iz qoymuş nadir şəxsiyyətlərdəndir. Onun həyatı və fəaliyyəti hər bir insan üçün örnəkdir. 15 aprel - onun anım günü isə bu böyük insanın xatirəsinə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, zəngin irsinin yaşadılmasına xidmət edir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri