RU

Maka Boçorişvili: Gürcüstana qarşı hücumlar davam edir

Tbilisi, 15 aprel, AZƏRTAC

Gürcüstanın ərazisindən istifadə etməklə beynəlxalq sanksiyalardan yayınma ilə bağlı indiyədək heç bir fakt qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili parlamentdəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti sanksiya rejiminə əməl olunması üçün vaxtında və effektiv mexanizmlər formalaşdırıb və bu siyasət uğurla davam etdirilir. Buna baxmayaraq, ölkə bu mövzu ətrafında mütəmadi tənqid və hücumlarla üzləşir.

Nazir qeyd edib ki, sanksiyaların icrası istiqamətində konkret tədbirlər də görülüb. Belə ki, gömrük sərhədlərində icazə verilməyən yüklərlə bağlı 2777 hal qeydə alınıb, qeydiyyatdan keçmiş iqtisadi zonalarda isə 1950-dən çox ixrac və ya təkrar ixrac əməliyyatına icazə verilməyib. Həmçinin 2022-ci ildən etibarən sanksiyalarla bağlı səbəblərdən 61 gəminin Gürcüstan limanlarına girişinə icazə verilməyib.

O bildirib ki, bu göstəricilər Gürcüstanın beynəlxalq öhdəliklərə ciddi əməl etdiyini sübut edir. Bununla belə, onun sözlərinə görə, ölkə həm daxili, həm də xarici qüvvələr tərəfindən müxtəlif təzyiqlərlə üzləşməkdə davam edir.

“Gürcüstan milli maraqlarını, sülh və təhlükəsizliyini qorumaq üçün çətin geosiyasi şəraitdə fəaliyyət göstərir. Buna baxmayaraq, sabitliyi qorumağa və iqtisadi inkişaf üçün əlverişli mühit yaratmağa nail olub”, – deyə Maka Boçorişvili vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Избранный
9
2
azertag.az

3Источники