RU

“Neftçi”yə xahiş-minnətlə gəldi, pulla getdi

“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov altı aya yaxın davam edən səssizliyini pozub.

Noyabrın 25-də Bakı klubundan uzaqlaşdırılan mütəxəssis aldığı təzminatdan danışıb.

O, “CBC Sport”da gedən “90 dəqiqə” verilişində bu məsələnin niyə çox müzakirə olunmasını anlamadığını bildirib:

“Təzminat məsələsi həddindən artıq çox danışıldı. Bunun səbəbini bilmirəm.

Kimsə evinin pulunu mənə verməyib. Öz haqqımı almışam.

Niyə belə ajiotaj yaratdı, bilmirəm. Məndən əvvəl də məşqçilər olub,

dünya futbolunda da bu təcrübə var. Kim zəng edirdisə, sonda soruşurdu ki, təzminat məsələsi necə oldu? Bu, mənimlə “Neftçi”nin arasında olan şeydir”.

Peşəkarlıq tərəfdən götürsək, bəli, Samir Abasovun təzminat tələb etməyə haqqı çatır.

Müqaviləsi 2026-cı ilin yayında bitəcəyindən, vaxtından əvvəl yola salınmasına görə kompensasiya istəməsində qeyri-adi nəsə yoxdur. Hamı necə, o da elə.

Sadəcə, burada onu başqalarından fərqləndirən bir məqamı gözdən qaçırmamalıyıq.

Məsələnin mənəvi tərəfi odur ki, Samir Abasovun 2024-cü ilin oktyabrında «Neftçi»yə qayıtması təsadüfən baş verməyib. O, yaxın dostlarını «Neftçi»y rəhbərlik edən mötəbər şəxsə minnətçi salıb.

«Sumqayıt»da işləyə-işləyə həmçin çevrələrlə gizli danışıqlar aparıb, müəyyən vədlər verib.

Təklif konkret klubun başında dayanan hörmətli zatdan gəlsəydi, yəqin ki, «Sumqayıt»ın istədiyi təzminatı da «Neftçi» ödəyərdi, daha Samir Abasov öz cibindən 100 min manat verməzdi. Çünki «Sumqayıt»la müqaviləsinin bitməsinə hələ 8 ay qalırdı.

Samir Abasovun 14 ay vaxtı oldu ki, «Neftçi»ni düzəltsin. Ötən 14 ayda bura bir sürü legioner gətirdi və yola saldı.

Onlara görə büdcədən xeyli pul çıxdı. Elələri var ki, məxsus olduqları klublara böyük təzminat verilib.

«Bəh-bəh»lə aldırdığı əcnəbi futbolçularla doqquzuncu yerdən yuxarı qalxa bilməyən Abasov ondan sonra sükan arxasına keçmiş Yuri Vernidubu necə cəncələ salıbsa, ukraynalı hələ də gözlərinə inana bilmir.

Çempionlar Liqası görmüş mütəxəssis soruşur ki, filan-filan legionerlərlə niyə müqavilənin imzalanmasının səbəbini mənə izah edən tapılacaq, ya yox? Sual çox, cavab yox…

Samir Abasov Bakıda «İmişli»yə 2:3 hesabıyla uduzduqları gecə, matçın final fitindən dəqiqələr sonra paltardəyişmə otağına daxil olaraq vəzifəsindən getdiyini bildirib.

Futbolçularla söhbətində «mənimki də bura qədərmiş» söyləyib. Ertəsi isə klub rəhbərliyi ilə görüşü zamanı 180 dərəcə fərqli mövqedə dayanıb. İstefa verdiyini danıb, ona kompensasiya ödənilməli olduğunu deyib.

Yadından çıxıbsa, qoy, hafizəsini təzələsin: o, təzminat söhbətini açandan sonra iclas zalında əyləşənlər bir nəfər kimi üzünü həmin şəxsə - onun «Neftçi»yə təyinatına vasitəçilik etmiş, minnətçi düşmüş funksionerə tərəf çevirib.

O kəskin baxışlardan süzülən sözlər qılıncdan daha itidir – sən bunun xahişini bizə eləmişdin..?

Samir Abasov «Neftçi»dən bu fasonormada getməklə pul qazandı, amma çox şey itirdi.

Ona yardım əlini uzatmış dostlarını, yaxşılığı və pisliyi heç vaxt unutmayan mötəbər insanların dəstəyini, azarkeş sevgisini, daha nələri və nələri…

Bunları isə o, bir daha geri qaytara bilməyəcək.

MUSA

Избранный
29
sportinfo.az

1Источники