RU

Türkiyədə milyardlıq layihə yenidən gündəmdə, Azərbaycan da qoşulacaqmı?  

Hörmüz boğazının blokadaya alınması ilə əlaqədar olaraq yaranmış enerji böhranı fonunda Türkiyə İstanbul kanalının tikintisini sürətləndirir.

Musavat.com xəbər verir ki, bu barədə “Business Insider Africa” məlumat yayıb.
Yeni süni su yolu Bosfor boğazına paralel şəkildə çəkiləcək və Qara dənizlə Mərmərə dənizini birləşdirəcək. Materialda qeyd olunur ki, kanal gündə təxminən 160 gəmi və ya tankerə xidmət göstərə biləcək.

Məlumata görə, layihənin ümumi dəyəri 23 milyard avrodur: bunun 13 milyardı kanala, 10 milyardı isə ətraf ərazilərin infrastrukturuna yönəldiləcək.

Əsas məsələ isə rüsumların toplanması hüququdur. BMT qaydalarına əsasən, Bosfor kimi təbii boğazlardan keçid pulsuzdur. Lakin Süveyş və ya Panama kimi süni kanallar üçün ölkələr qanuni şəkildə ödəniş ala bilirlər.

Bildirilir ki, İstanbul kanalı Türkiyəyə Misirin təcrübəsində olduğu kimi, tranzitdən gəlir əldə etməyə imkan verəcək. Müqayisə üçün qeyd edək ki, Süveyş kanalının gəlirləri, təkcə 1 yanvar-8 fevral 2026-cı il tarixləri arasında 449 milyon dollar təşkil edib. “Arab News” nəşrinin məlumatına görə, BVF bu gəlirlərin 2030-cu ilə qədər 11,9 milyard dollara çatacağını proqnozlaşdırır.


İqtisadçı Eldəniz Əmirov mövzunu Musavat.com-a şərh edərkən bildirib ki, istənilən yeni logistik imkan həm alternativlərdən istifadə, həm də maliyyə daxilolmaları baxımından son dərəcədə önəmlidir. İqtisadçı vurğulayıb ki, hazırda keçidlər İstanbul boğazı vasitəsilə təmin olunur:

“Verilən məlumatlarda qeyd olunur ki, İstanbul kanalı bilavasitə İstanbul boğazı ilə keçidlərdən fərqlənəcək. İstanbul boğazı ilə keçidlər “Montre Boğazlar Konvensiyası”na əsasən qismən ödənişsizdir. İstanbul kanalı isə tam ödənişli olacaq. Hesablamalara görə, kanalın gəlirliliyi bir neçə milyard dollar olacaq. Bu, ciddi fərq deməkdir. Layihənin gerçəkləşməsi eyni zamanda Qara dəniz və Aralıq dənizi arasında olan keçidin əhəmiyyətini artıracaq. Bu da bilavasitə yeni limanların, logistik mərkəzlərin yaradılmasına rəvac verəcək, nəticədə iqtisadi inkişaf dəstəklənəcək”.

O ki qaldı Azərbaycanın bu layihədə iştirak edib-etməməyinə, E.Əmirov diqqətə çatdırıb ki, bu, şərtlərdən asılıdır.

Nigar Həsənli
Musavat.com

Избранный
3
musavat.com

1Источники