RU

Abad Balaxanıya... gölməçə yollarla – FOTOLAR, VİDEO

Bura paytaxtın ən çox turist cəlb edən, tarixi və abadlığı ilə fəxr etdiyimiz Balaxanı qəsəbəsidir. Amma bir fərqlə... Bu gördüyünüz foto, videolardakı görüntülər qəsəbənin əsas giriş yoludur.

Son illərdə aparılan genişmiqyaslı bərpa və abadlıq işlərindən sonra Balaxanı özünün rəngarəng küçələri, tarixi abidələri və təmizliyi ilə paytaxtın vizit kartlarından birinə çevrilib. Lakin qəsəbənin daxili küçələrindəki bu gözəllik, sakinlərin hər gün istifadə etdiyi əsas yola çıxan kimi kəskin bir təzadla əvəzlənir.

Qəsəbənin ən işlək nəqliyyat damarı sayılan 216 saylı marşrut xətti (Balaxanı - Koroğlu m/st) hər gün yüzlərlə sərnişini mənzil başına çatdırır. Lakin bu avtobusların keçdiyi əsas yol artıq yol deyil, böyük bir gölü xatırladır. Videogörüntülərdən də aydın olduğu kimi asfalt örtüyü tamamilə sıradan çıxıb, hər addımbaşı dərin çuxurlar yaranıb. Avtobuslar bu yolda hərəkət edərkən həm texniki baxımdan ciddi zərər görür, həm də sərnişinlərin təhlükəsizliyini və rahatlığını təhlükə altına qoyur.



Sakinlərin sözlərinə görə, hər gün işə, dərsə gedən insanlar 216 saylı avtobusun bu bərbad yollarda üzüb rəqs etməsindən təngə gəliblər. Sürücülər isə bildirirlər ki, avtobusların asqı sistemi və şinləri bu yollara dözmür, tez-tez təmirə ehtiyac yaranır ki, bu da marşrutlar arası vaxt intervalının uzanmasına səbəb olur. Əsas yolun bərbad vəziyyətdə qalması qəsəbədə görülən bütün müsbət işlərin üzərinə kölgə salır. 216 saylı marşrutun hər gün keçdiyi əsas yolun təcili təmirə ehtiyacı var. Ümid edirik ki, aidiyyəti qurumlar Balaxanının bu "yaralı yerini" görməzdən gəlməyəcək və tezliklə əsas yollar da qəsəbənin mərkəzi kimi abadlaşdırılacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
28
musavat.com

1Источники