Əli Orucov: "Fikrimcə, bu gün İslamı parçalayan ölkələrdən biri və birincisi Tehran rejimidir və bu gün də eyni siyasəti davam etdirir"
Bəzi şərhçilər iddia edir ki, İsrail Şərqdə şiə-sünni müharibələri salmaq istəyir.
Bir yazıda belə iddia təqdim olunur ki, “müsəlmanlar arasında müharib İsrailin strategiyasıdır”
Bu kimi məqalələrdə açıq şəkildə deyilir ki, İsrail üçün müsəlmanların daxili qarşıdurması (şiə–sünni daxil olmaqla) strateji baxımdan faydalıdır.
Başqa bir ekspert tipli yanaşma: Bəzi yazılarda isə əksinə qeyd olunur ki, məzhəb münaqişələrini bu cür izah etmək sadələşdirmədir və məsələyə yalnız bu prizmadan baxmaq düzgün deyil.
Yəni bu iddia əsasən sosial media şərhlərində, bəzi ideoloji sayt yazılarında və fərdi fikirlərdə rast gəlinir. Amma bunlar daha çox interpretasiya və mövqe xarakterlidir. Nə dərəcədə real təhlükədir?
Politoloq Əli Orucov “Bakı-Xəbər” nəşrinə açıqlamasında bildirib ki, İslam coğrafiyasında daxili münaqişələrin və qarşıdurmaların səbəbləri təkcə xarici amillərlə bağlı deyil: "Bunun çoxəsrlik daxili faktorları da var. Bir çox hallarda hakimiyyət, nüfuz uğrunda aparılan rəqabət və müharibələrdə, təəssüf ki, din alət kimi istifadə olunub. İslamın ən böyük məzhəblərindən olan sünni və şiə məsələsi də məhz dini-ideoloji mahiyyət daşıyır. Çağdaş dünyamızda bu məzhəblər arasında çəkişmələr daha şiddətli xarakter alaraq İslam dünyasının parçalanmasına və ziddiyyətlərin dərinləşməsinə gətirib çıxarıb. Hətta bəzi hallarda hər iki məzhəbin inanclıları qarşılıqlı nifrət və qəzəbə köklənirlər.
İslamda yaranmış bu vəziyyətdən isə İsrail və digər dövlətlər maksimum istifadə edərək öz maraqları prizmasından yanaşırlar və çalışırlar ki, bu ziddiyyətləri və qarşıdurmaları daha da qızışdırmaqla həmrəyliyə, birliyə və inteqrasiyaya mane olsunlar. Planetdə yaşayan 1 milyarddan çox insan İslam dininə etiqad edir və bu din bir çox ölkələrin siyasi sistemlərində və dövlət qurumlarında önəmli rol oynayır. İslam Əməkdaşlıq Təşkilatı yarananda da məqsəd və hədəflərdən biri İslam dövlətləri ilə əlaqələri genişləndirmək, mövqeləri uzlaşdırmaq və sülhün, təhlükəsizliyin qorunmasına töhfə vermək idi.
İƏT-dən başqa İslam yönümlü digər beynəlxalq və regional təşkilatlar da çalışır ki, həmrəyliyə nail olunsun. Ancaq görünür ki, İslam dünyasında parçalanma və tənəzzül davam edir. Böyük iqtisadi, təbii və digər resurslara malik İslam siyasi coğrafiyasında qeyri-sabitlik, sistemsizlik və pərakəndəlik hökm sürdüyündən, bu region güc mərkəzinə çevrilə bilmir və qlobal münasibətlərdə öz maraqlarını təmin etməkdə ciddi çətinliklərlə üzləşir.
Təbii ki, belə böyük potensialın qarşısında nəinki İsrail, hətta bəzi Avropa dövlətləri də buna qarşı seyrçi və tədbirsiz qala bilməzlər. Fikrimcə, bu gün İslamı parçalayan ölkələrdən biri və birincisi Tehran rejimidir və bu gün də eyni siyasəti davam etdirir. Şiəliyi ideoloji xətt kimi götürən İran bunu qonşu dövlətlərə də ixrac etməklə nüfuz dairəsini genişləndirməyə çalışırdı ki, bu da nəticə etibarilə İsrailə də sərf edirdi.
Baxmayaraq ki, hazırda Tehran regiondakı proksi qüvvələrinə qarşı müharibəyə cəlb olunub, Təl-Əviv məhz onun nəzarətində və təsirində olan məzhəbi çətir altındakı qruplardan da istifadə edir. Məsələn, druzlar simasında bu aydın şəkildə görünür. İslamın qeyri-sabit və gücün qanuna və "ədalətə" çevrildiyi dünyada İslamın xilası onun birliyindən və bütövlüyündən keçir. Bu məsuliyyəti də üzərinə götürən dövlətlər var".
Dəniz NƏSİRLİ