RU

Səhiyyədə yeni islahat mərhələsi: vətəndaşa daha səviyyəli tibbi xidmət

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

 “Azərbaycanda səhiyyə sistemində son illərdə həyata keçirilən mərhələli dəyişikliklər artıq yeni və daha dərin bir transformasiya mərhələsinə daxil olur. Prezident İlham Əliyevin 19 mart 2026-cı il tarixli fərmanı ilə icbari tibbi sığorta sahəsində idarəetmənin yenilənməsi, sosial müdafiə və səhiyyə institutları arasında funksional inteqrasiyanın gücləndirilməsi, eləcə də TƏBİB-in institusional rolunun artırılması sistemin keyfiyyətcə yeni idarəetmə modelinə keçidini təsdiqləyir. Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib, eyni zamanda yeni Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. 

Bu qərar təsadüfi inzibati dəyişiklik deyil. Söhbət vətəndaşın tibbi xidmətlərə çıxışını daha rahat, operativ və keyfiyyətli edən vətəndaşyönümlü səhiyyə idarəçiliyi modelindən gedir. Yeni mərhələnin əsas fəlsəfəsi ondan ibarətdir ki, səhiyyə və sosial müdafiə artıq ayrı-ayrı sahələr kimi deyil, eyni sosial risklərə xidmət edən vahid təhlükəsizlik sistemi kimi idarə olunur”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin əmək və sosial siyasət komitəsinin  sədri Musa Quliyev deyib.

İslahatların strateji mahiyyəti: koordinasiya, çeviklik, keyfiyyət

Komitə sədri bildirib ki, yeni modelin ən böyük üstünlüyü səhiyyə və sosial müdafiə sistemləri arasında səmərəli koordinasiya mexanizminin formalaşdırılmasıdır: “Xəstəlik, əlillik, əmək qabiliyyətinin itirilməsi, reabilitasiya və sosial ödənişlər eyni məlumat bazası və vahid idarəetmə fəlsəfəsi üzərindən əlaqələndiriləcək.

Bu isə bir neçə mühüm nəticə vəd edir: tibbi və sosial xidmətlərin “bir pəncərə” prinsipi ilə daha sürətli göstərilməsi; regionlarda yaşayan vətəndaşlar üçün əlçatanlığın genişlənməsi; rəqəmsallaşma hesabına təkrar müraciət və sənəd yükünün azalması; sosial həssas qruplar üçün hədəflənmiş müdafiə mexanizmlərinin güclənməsi; resursların ehtiyaclara uyğun data əsaslı planlaşdırılması. Bu yanaşma səhiyyə idarəetməsini klassik bürokratik modeldən çıxarıb nəticəyönümlü və çevik dövlət xidmətinə çevirir”.

Maliyyələşdirmə modelinin yenilənməsi: fondun səmərəliliyi artır

Deputat əlavə edib ki, yeni islahat mərhələsində icbari tibbi sığorta fondunun vəsaitlərinin idarə olunması xüsusi önəm daşıyır: “2026-cı il üçün fond büdcəsinin 2,62 milyard manat həcmində təsdiqlənməsi bu istiqamətdə dövlətin maliyyə dayanıqlılığına verdiyi önəmi göstərir. 

Mərkəzləşdirilmiş maliyyə idarəçiliyi aşağıdakı nəticələrə xidmət edir: vəsaitlərin daha şəffaf xərclənməsi; xidmət xərclərinin sistemli proqnozlaşdırılması; yüksək xərcli müalicələrin davamlı maliyyələşməsi; qeyri-rəsmi ödənişlərin və “kölgə xərcləri”nin azalması; uzunmüddətli fiskal dayanıqlığın güclənməsi. Bu model sosial dövlət prinsiplərinə uyğun olaraq vətəndaşın tibbi xərclər qarşısında maliyyə risklərini minimuma endirməyə hesablanıb.

TƏBİB-in rolu artır: xidmətin əsas operatoru formalaşır

Yeni mərhələnin ən diqqətçəkən xətti TƏBİB-in rolunun əhəmiyyətli dərəcədə genişləndirilməsidir. Artıq qurum yalnız xəstəxanaları idarə edən struktur deyil, dərman və tibbi vasitələrin təchizatından tutmuş müalicə prosesinin fasiləsizliyinə qədər bütöv xidmət zəncirinin əsas operatoruna çevrilir.

Bu genişlənmə bir neçə strateji üstünlük yaradır: tibbi xidmətlərin göstərilməsində vahid standartların tətbiqi; dərman təminatında mərkəzləşdirilmiş logistika; fövqəladə hallarda resursların operativ səfərbərliyi; xəstəxanaların fəaliyyətinin vahid keyfiyyət meyarları ilə qiymətləndirilməsi; vətəndaş üçün xidmətin daha stabil və etibarlı olması. Əslində TƏBİB-in institusional gücləndirilməsi daha korporativ, çevik və məsuliyyətli idarəetmə modelinə keçid deməkdir.

Azərbaycan modeli: sosialyönümlü kontinental Avropa yanaşması

Azərbaycanın seçdiyi səhiyyə modeli struktur baxımından Almaniya, Fransa və digər kontinental Avropa ölkələrinin sosialyönümlü sığorta sisteminə yaxındır. Burada dövlət əsas maliyyələşdirici olaraq qalır, risklər isə icbari sığorta mexanizmi ilə bölüşdürülür.

Bu modelin mərkəzində bir əsas prinsip dayanır: insan amili və vətəndaş məmnunluğu.

İdarəetmə sisteminin optimallaşdırılması, xidmət və maliyyə funksiyalarının ayrılması, TƏBİB-in gücləndirilməsi və rəqəmsal inteqrasiyanın sürətləndirilməsi bir məqsədə xidmət edir- əhalinin daha yüksək səviyyəli tibbi xidmətlə təmin olunması.

Başlanan yeni islahat mərhələsi Azərbaycan səhiyyəsini sadəcə struktur baxımından yeniləmir, onu müasir, dayanıqlı və vətəndaşyönümlü xidmət sisteminə çevirir. Səhiyyə və sosial müdafiə arasında səmərəli koordinasiya, tibbi sığorta fondunun daha effektiv idarə olunması, TƏBİB-in rolunun gücləndirilməsi və rəqəmsallaşmanın genişlənməsi nəticə etibarilə vətəndaş məmnunluğunu artıran əsas amillər olacaq. Bu transformasiya göstərir ki, Azərbaycan səhiyyədə keyfiyyət, əlçatanlıq və operativlik üzərində qurulan milli modelini daha da dərinləşdirir”.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
2
olke.az

3Источники