RU

Rusiya ilə birgə bəyanat Azərbaycan diplomatiyasının uğurudur Deputat

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri AZAL təyyarəsinin vurulması ilə bağlı məsələnin, yəni problemli məqamın bütün cəhətlərinin həlli, o cümlədən kompensasiyanın tam ödənilməsi istiqamətində razılığa gəlib və bununla bağlı müvafiq birgə bəyanatla çıxış ediblər. Bu, olduqca önəmli xəbər və əhəmiyyətli bəyanatdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirdi. 

Onun sözlərinə görə, bu fakt göstərir ki, xüsusilə kompensasiyanın ödənilməsi, Rusiya tərəfinin üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməsi istiqamətində Azərbaycanın apardığı konstruktiv diplomatik səylər, ölkə rəhbərliyinin ağıllı və dərin strateji baxışına uyğun olaraq, problemin həllinə gətirib çıxardı.

"Beləliklə, AZAL təyyarəsinin vurulmasından sonra yaranmış diplomatik-siyasi gərginliyin aradan qaldırılması istiqamətində bu bəyanat ciddi bir addım kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın siyasi-diplomatik dövlət təfəkkürünün növbəti təcəssümüdür. Hazırda dünyada mürəkkəb geosiyasi vəziyyət hökm sürməsinə baxmayaraq, Azərbaycan özünəməxsus, ağıllı və soyuqqanlı xarici siyasət yanaşması ilə problemli məsələləri milli maraqlar, dövlət təhlükəsizliyi və suverenliyin qorunması çərçivəsində həll edir.

Şübhəsiz ki, AZAL təyyarəsinin vurulması nəticəsində azərbaycanlı vətəndaşların həyatını itirməsi böyük faciə idi. Bununla yanaşı, bütün tələblərin və gözləntilərin nəzərə alınması, kompensasiyanın tam ödənilməsi və iki ölkənin Xarici İşlər nazirlikləri arasında birgə bəyanatın verilməsi onu göstərir ki, məsələ müsbət istiqamətdə həllini tapır. Bu, eyni zamanda mehriban və normal qonşuluq siyasəti çərçivəsində problemin həllinə nail olunduğunu göstərir. Bu yanaşma Azərbaycanın qonşularına qarşı konstruktiv münasibətinin bariz nümunəsidir".

Millət vəkili əlavə etdi ki, dünyada ciddi geosiyasi qarşıdurmaların və problemlərin mövcud olduğu bir dövrdə Azərbaycanın çətin məsələləri diplomatik, konstruktiv vasitələrlə həll etmək bacarığı, istəyi və siyasi iradəsi özünü açıq şəkildə göstərir:

"Kobud müqayisə olsa da qeyd etmək olar ki, Ermənistan kimi işğalçı dövlətin işğalına son qoyulması və bunun nəticəsində diplomatik-siyasi həllə nail olunması, Azərbaycanın Cənubi Qafqazda sülh platforması və sülh gündəliyi formalaşdırması digər qonşularla münasibətlərə də müsbət təsir göstərir. Bu, həm Rusiya, həm İran ilə münasibətlərin konstruktiv məcrada inkişafında özünü büruzə verir. Qardaş Türkiyə ilə əlaqələr ən yüksək səviyyədə davam edir, Gürcüstanla münasibətlər, o cümlədən Azərbaycan Prezidentinin bu ölkəyə son səfəri, eləcə də Xəzər hövzəsi və Avrasiya məkanındakı əməkdaşlıqlar Azərbaycanın unikal və balanslı siyasət apardığını göstərir. Nəticə etibarilə, AZAL təyyarəsinin vurulmasından sonrakı proseslər və bu məsələyə birgə bəyanatla nöqtə qoyulması bir daha sübut edir ki, Azərbaycan milli suverenliyini və maraqlarını diplomatik və siyasi vasitələrlə qorumaq gücündə olan bir dövlətdir".

Deputat yekunlaşdıraraq bildirdi ki, hətta böyük dövlətlərlə belə münasibətlər bərabərhüquqlu tərəfdaşlıq çərçivəsində qurulur, problemli məsələlər bu əsasda həll edilir və burada siyasi iradə, ölkə rəhbərliyinin konstruktiv yanaşması və milli maraqlara əsaslanan siyasətin aparılması xüsusi əhəmiyyət daşıyır.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
1
redaktor.az

2Источники