RU

Rejissor: “Mən, Lalə, bir də Şerlok Holms” serialının ikinci mövsümü tarixi şəxsiyyətlər üzərində qurularaq, daha dərin məzmun qazanıb

Bakı, 15 aprel, AZƏRTAC

“Mən, Lalə, bir də Şerlok Holms” serialı uşaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb. Müasir dövrdə azərbaycanlı uşaqların daha çox xarici seriallara üstünlük verdiyini nəzərə alan layihə müəllifləri əsas məqsəd kimi onların yerli məhsullara marağını artırmağı və milli qəhrəmanlarla böyümələrinə töhfə verməyi müəyyənləşdiriblər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Mən, Lalə, bir də Şerlok Holms” serialının quruluşçu rejissoru Rüfət Şahbazov bildirib.

Onun sözlərinə görə, ikinci mövsümdə ssenari xətti daha da inkişaf etdirilərək yeni istiqamət alıb. Belə ki, bu dəfə hadisələr kitab qəhrəmanları deyil, tarixi şəxsiyyətlər əsasında qurulub. Bu yanaşma serialın məzmununu daha da dərinləşdirərək onu həm maarifləndirici, həm də tamaşaçı üçün daha cəlbedici edib.

R.Şahbazov qeyd edib ki, birinci mövsümün ssenarisi kitab halında nəşr olunaraq satışa çıxarılıb.

Layihə üzərində iş prosesindən də bəhs edən rejissor vurğulayıb ki, əsas çətinliklərdən biri aktyorluq təcrübəsi olmayan uşaqların bu sahəyə hazırlanması olub. Bu məqsədlə aktyor Rasim Cəfərlə birlikdə uzunmüddətli məşq və hazırlıq mərhələsi həyata keçirilib. Nəticədə uşaqlar mərhələli şəkildə səhnəyə uyğunlaşdırılıb və onlarda aktyorluq bacarıqları formalaşdırılıb.

Müxbir- Günel Alıyeva
Fotoqraf - Tofiq Babayev
Videooperator - Ceyhun Mustafayev
Избранный
33
1
azertag.az

2Источники