RU

Ucuz reytinqə görə TV lər cəzalandı, bəs saytlar?.. Nailə İslamzadədən mediaya kəskin etiraz

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tanınmış televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə mediaya sərt etiraz edib. 

Bakupost.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında paylaşım edərək müsahibələrinin təhrif olunmasına kəskin reaksiya bildirib.

Həmin paylaşımı təqdim edirik:

44 il efirdə olmaq mənim üçün sadəcə peşə deyil , bu, sözə məsuliyyət, tamaşaçıya hörmət və illərlə qazanılmış etibar deməkdir. Mən bu yolu addım-addım, davranışımla, çıxışlarımla, prinsiplərimlə qurmuşam. Heç vaxt ucuz sensasiya arxasınca qaçmamışam, heç vaxt reytinq naminə öz sözümü ucuzlaşdırmamışam.

Amma təəssüf ki, eyni yanaşmanı hər zaman qarşı tərəfdə görmək olmur. Yenə tələsik alınan bir müsahibə, yenə razılaşdırılmadan seçilən başlıq, yenə mənə aid olmayan ifadələr… “Şişmə dodaqla aparıcılıq olmur” “Nailə İslamzadədən tikanlı sözlər” bu ifadəni jurnalist özü işlədib, mən isə özümə yaraşan formada cavab vermişəm. Amma oxucuya elə təqdim olunur ki, guya bu fikrin müəllifi mənəm. Qısa müsahibədə bir neçə yerdə fikirlərim doğru çatdırılmayıb. 

Səs yazım qarşınızdadı, onu diqqətlə dinləmək çoxmu çətindir?

Bəzən bir insanın dediyi tək bir söz onun kimliyini, dünyagörüşünü, səviyyəsini açıq şəkildə ifadə edir. Elə buna görə də başqasının sözünü dəyişmək, ona aid olmayan fikri onun adına yazmaq yolverilməzdir. 

Bu, sadəcə mətni yox, insanın özünü təhrif etməkdir.

Bu, sadəcə yanlış deyil, bu, məsuliyyətsizlikdir.

Mən çoxdan müsahibələrdən qaçmağa başlamışam. Çünki bilirəm: əgər suallara cavab verib, müsahibəni özüm yazmasam, böyük ehtimalla yenə sözlərim təhrif olunacaq, yenə mənə yaraşmayan başlıqlar seçiləcək və nəticədə mən əsəbiləşəcəyəm. Bu, normal deyil. Jurnalistin işi müsahibini təhrif etmək yox, onu olduğu kimi təqdim etməkdir.

Paradoks ondadır ki, ucuz reytinq dalınca qaçan verilişlər tənqid olunur, amma eyni yanaşma çox vaxt yazılı mediada da tətbiq edilir. Sual verirəm: bu nə dərəcədə doğrudur? 

Oxucunun diqqətini çəkmək üçün hər vasitə məqbuldurmu? 

Bəs peşə etikası, bəs sözün çəkisi?

Mən yaxşı bilirəm ki, bu sözlərim hər kəsə aid deyil. Həqiqətən sanballı, savadlı, sözə hörmət edən jurnalistlərimiz var və onlar özlərini tanıyırlar. Mənim iradım məhz məsuliyyətsiz yanaşmaya, ucuz effekt xatirinə həqiqətin dəyişdirilməsinədir.

Bu səbəbdən açıq şəkildə bildirmək istəyirəm: əgər mənim sözümə, fikrimə, adımı daşıyan müsahibəyə hörmət olunmayacaqsa, bundan sonra mənimlə müsahibə almaq üçün müraciət edilməsin. Çünki, söz mənim üçün sadəcə cümlə deyil, bu, mənim illərlə qoruduğum dəyərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
5
www.bakupost.az

7Источники