RU

Ət UCUZLAŞACAQ?

Son günlər ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu hava şəraiti bir çox sahələrə, o cümlədən otlaq ərazilərinə də təsir edir. Xüsusilə qışdan sonrakı yaz mövsümündə torpağın nəmli olması otlaqların genişlənməsinə şərait yaradır.

Təbii ki, bu proses maldarlıq sahəsinə də təsirsiz ötüşmür.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, intensiv yağıntılar heyvandarlığa əsasən müsbət təsir göstərir:

"Bizdə suvarma suyunda problem var. Buna görə də örüş sahələri, təbii biçənək əraziləri suvarılmır. Belə yağışların yağması ot örtüyünün, dənli, yem bitkilərinin daha da inkişafına səbəb olur. Əgər mayın sonuna kimi yağış yağmasa, suyun idarə edilməsində problem yaransa, müəyyən çətinliklər ola bilər. Ancaq hazırki yağıntılı hava heyvandarlığa, otlaq sahələrinə müsbət təsir edir".

Göründüyü kimi, hazırki yağıntılar otlaq sahələrini daha bərəkətli edir. Bu da heyvandarları əlavə xərcdən xilas edir.

Bəs bu, ətin qiymətinə necə təsir edəcək? Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq?

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, ot ehtiyatının artması yem xərclərini müəyyən qədər azaldır və heyvanların daha yaxşı qidalanmasına şərait yaradır. Bu isə orta və uzun müddətdə istehsalın artmasına və maya dəyərinin nisbətən aşağı düşməsinə kömək edə bilər.

"Ətin qiyməti ucuzlaşmayacaq, amma..."

"Bu təsirin qiymətlərə dərhal əks olunması gözlənilmir. Heyvandarlıq dövriyyəsi uzun prosesdir və otlaq şəraitinin yaxşılaşması ilə bazara çıxarılan ət həcmi arasında zaman fərqi olur. Yəni bugünkü yaxşı şərait bir neçə ay sonra daha çox təsir göstərə bilər. Bundan əlavə, bazarda qiymətləri yalnız yem xərcləri deyil, həm də nəqliyyat, yanacaq, əmək xərcləri və ümumi inflyasiya müəyyən edir.

Yaxın günlərdə mal ətinin qiymətində ciddi ucuzlaşma ehtimalı aşağıdır. Ən yaxşı halda qiymət artımının tempi zəifləyə bilər və ya müəyyən sabitləşmə müşahidə olunar".

Akif Nəsirli bildirib ki, əgər əlverişli hava şəraiti davamlı olsa və yem bazası uzun müddət güclü qalsa, o zaman daha sonrakı dövrdə, xüsusilə mövsümi olaraq müəyyən qədər qiymət yumşalması mümkündür, amma bu, kəskin eniş şəklində olmur.

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
23
bizim.media

1Источники