RU

Qeyri-neft sektoru üzrə ixracda aqrar və aqrar-sənaye məhsullarının çəkisi yüksəkdir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün mart sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artaraq 580,7 milyon dollar təşkil edib.

Bu ilin yanvar-fevral aylarında yeyinti məhsulları üzrə ixrac 30,5 faiz artaraq 200,6 milyon dollara bərabər olub. İxrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,3, pambıq iplik - 2,6, bitki və heyvan mənşəli piylər və yağlar - 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatlar - 37,4, pambıq lifi - 33,3, meyvə-tərəvəz - 32,7, spirtli və spirtsiz içkilər - 10,9, çay 5,1 faiz artıb. Həmin dövrdə aqrar məhsullar üzrə ixracın dəyəri 34,6 faiz artaraq 160,9 milyon, aqrar-sənaye məhsulları üzrə isə 22 faiz artaraq 52,5 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının ixracının birgə dəyəri 31,2 faiz artaraq 213,4 milyon dollar təşkil edib. İki ay ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid məhsulların siyahısında qızıl birinci, meşə fındığı ikinci, mis filizləri isə üçüncü olub. 

Bu dövr Rusiya Federasiyasına 149,1 milyon, Türkiyəyə 83,4 milyon, Gürcüstana 77,2 milyon, İsveçrəyə 67,7 milyon, Ukraynaya 29 milyon dollar dəyərində qeyri-neft məhsulları satılıb. 

Yanvar-fevral ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "AGRARCO" MMC, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "PRİME LM", "P-AQRO", "KHAN-EL", "MORS TRADİNG" və "STP ALÜMİNİUM" MMC-lər təşkil olunublar. Dövlətə məxsus  şirkətlərin siyahısına isə "SOCAR POLYMER", "AzerGold" QSC, "AZƏRALÜMİNİUM" MMC, ARDNŞ-nin "Marketinq Və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi " MMC, ARDNŞ-nin Qaz İxrac İdarəsi, "Socar Cape" MMC, "Sənayecihaz" EİM, "İstisu" Mineral Su Zavodu" MMC, "Qaradağ Şüşə Zavodu" ASC başçılıq ediblər. 

Hesabat dövründə həmçinin Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən 32 ölkəyə 3 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac olunub. 

Bu da "Azərkosmos"un xidmət ixracından əldə etdiyi ümumi gəlirlərinin 65 faizini təşkil edib. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 710,4 min dollarla Birləşmiş Krallıq, 545,4 min dollarla Lüksemburq, 374,4 min dollarla İsveç, 162 min dollarla Türkiyə, 152,5 min dollarla Pakistan qərarlaşıb.

Rüstəm KAMAL,

"Azərbaycan"

Избранный
18
5
azerbaijan-news.az

10Источники