RU

Böyük Qayıdış layihələri beynəlxalq ictimaiyyətə təqdim edilə biləcək ən uğurlu nümunələrdəndir - MÜSAHİBƏ

Bakı, 16 aprel, AZƏRTAC

ADA universitetinin dosenti, şəhərsalma və dövlət idarəçiliyi üzrə fəlsəfə doktoru Anar Vəliyev Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) müzakirə ediləcək mövzuların əhəmiyyəti, paytaxtın WUF 13 vasitəsilə iqlimə davamlı şəhərsalmaya verə biləcəyi töhfələrlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik

- Azərbaycan WUF 13 çərçivəsində hansı prioritet layihələri beynəlxalq ictimaiyyətə təqdim etməlidir?

- Hesab edirəm ki, Böyük Qayıdış çərçivəsində həyata keçirilən yenidənqurma layihələri beynəlxalq ictimaiyyətə təqdim edilə biləcək ən uğurlu nümunələrdən biridir. Dünyada çox az ölkə, bəlkə də heç biri məcburi köçkünlərin öz doğma torpaqlarına bu miqyasda geri dönüşünü təmin edən belə genişmiqyaslı proqram həyata keçirməyib. Bu proqramın həm uğurları, həm də qarşılaşdığı çətinliklər digər ölkələr üçün faydalı bir model rolunu oynaya bilər. Bundan əlavə, İçərişəhərin turizm məkanı kimi inkişafı da uğurlu nümunə kimi təqdim edilə bilər. Eyni zamanda, şəhər əhalisinin içməli su, elektrik enerjisi və digər əsas infrastruktur xidmətlərinə çıxışının təmin olunması mühüm nailiyyətlərdəndir. Azərbaycanda aşağı keyfiyyətli infrastruktura malik genişmiqyaslı gecəqonduların və ya gettoların olmaması isə sosial siyasətin effektivliyinin göstəricisidir.

- WUF 13-də müzakirə ediləcək “Dünyanı mənzillə təmin etmək: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunun aktuallığını necə qiymətləndirirsiniz?

- Forumda belə bir mövzunun müzakirəyə çıxarılması təqdirəlayiqdir. Bu məsələ bu gün qlobal miqyasda ən vacib problemlərdən biridir. Əlçatan və dayanıqlı mənzil təminatı məsələsi təkcə dünya üzrə deyil, Azərbaycan üçün də aktual olaraq qalır. Hesab edirəm ki, WUF13 bu sahədə müzakirələrin və siyasi təşəbbüslərinin daha da inkişafına ciddi təkan verəcək.

- Şəhərsalma proseslərində vətəndaş iştirakçılığı və şəffaflığın artırılması üçün hansı islahatlar vacibdir?

- Ümid edirəm ki, WUF 13 qərar qəbuletmə proseslərinin desentralizasiyasının vacibliyini ön plana çıxaracaq. Bələdiyyələrin gücləndirilməsi, fiskal desentralizasiya və yerli icmaların qərar qəbuletmə prosesində daha fəal iştirakının təmin edilməsi cəmiyyət üçün olduqca faydalı ola bilər. Bununla yanaşı, bu sahədə hüquqi islahatların həyata keçirilməsi və daha şəffaf, inklüziv idarəetmə mexanizmlərinin formalaşdırılması da vacib hesab edilir.

- Bakı WUF 13 vasitəsilə iqlimədavamlı şəhərsalmaya necə töhfə verə bilər?

- Forumun postsovet məkanında yerləşən bir ölkədə keçirilməsi region üçün mühüm fürsətdir. Bu, region ölkələrinə öz inkişaf modellərini təqdim etməyə imkan verəcək. Eyni zamanda, bu tədbir region ölkələrinin qlobal urbanizasiya və iqlim dəyişiklikləri trendlərini daha yaxşı anlamasına və bu bilikləri yerli problemlərin həllinə tətbiq etməsinə şərait yaradacaq.

Müxbir - Günel Türksoy

Избранный
2
azertag.az

1Источники