RU

“Mən, Lalə, bir də Şerlok Holms” serialının 2-ci mövsümü təqdim olunub

Aprelin 15-də Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi, İctimai Televiziya və Radio Yayımları Şirkəti və KAC Group Medianın birgə təşəbbüsü ilə hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, təqdimat mərasimində Leyla Əliyeva və Alena Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.

Salamlama nitqi ilə çıxış edən İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru Balakişi Qasımov filmin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkür edib, ekran əsərinin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib və onlara uğurlar arzulayıb.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev son illər televiziya məkanında keyfiyyətli məzmunun təqdim olunmasının, xüsusilə təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların maariflənməsinə və dünyagörüşünün formalaşmasına mühüm töhfə verir. Nazir çıxışının sonunda layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, əsas məqsəd film vasitəsilə uşaqlara düzgün dəyərləri aşılamaqdır. Onun sözlərinə görə, yaxın zamanda filmin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır. Ekran əsərinin gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin ideya müəllifi Tural Sevdimalı, ssenari müəllifləri isə Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını özündə birləşdirən serial hər biri 50 dəqiqə olmaqla 12 seriyadan ibarətdir.

Serialın birinci mövsümündə hadisələr Muradın yay tətilini keçirdiyi kənddə cərəyan edir. Onun kitablarla tanışlığı, xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihənin başlıca məqsədi mütaliənin insan həyatındakı rolunu ön plana çıxarmaqdır. Eyni zamanda, Muradın zəngin təxəyyülü vasitəsilə müxtəlif tarixi və mədəni şəxsiyyətlər canlandırılır ki, bu da seriala maarifləndirici məzmun qazandırır. Layihədə uşaqlara dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydaları kimi dəyərlər aşılanır.

Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında inkişaf edir. O, “Əlaçı” bilik yarışmasının qalibi olmağı arzulasa da, qaydalara əsasən yarışmada iştirak hüququnu itirir. Buna baxmayaraq, Murad Lalənin öz kəndlərini təqdim etməsi üçün ona dəstək olur və hazırlıq prosesində fəal iştirak edir. Süjet xəttində uşaqlar arasında rəqabət, dostluq münasibətləri və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan məşhur detektiv Şerlok Holms bu mövsümdə də ona dəstəyini davam etdirir.

“Mən, Lalə, bir də Şerlok Holms 2” serialı aprelin 19-dan etibarən İctimai TV-nin efirində tamaşaçılara təqdim olunacaq.

Избранный
1
21
azedu.az

10Источники