RU

Orta Dəhliz yeni dünya nizamında mühüm geoiqtisadi platformadır - ŞƏRH

Bakı, 16 aprel, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər dünya ticarət marşrutlarının və logistika xətlərinin yenidən formalaşmasına səbəb olur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, İran-ABŞ qarşıdurması və Çinin qlobal bazarlara daha geniş çıxış strategiyası fonunda Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

Geosiyasi böhranların logistika xəritəsinə təsiri

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropa ilə Asiya arasında ənənəvi Şimal marşrutunun təhlükəsizliyini və etibarlılığını ciddi şəkildə zəiflətdi. Bu münaqişə nəticəsində Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar tranzit daşımalarına da təsir göstərərək alternativ marşrutlara ehtiyac yaratdı. Digər tərəfdən İran-ABŞ münasibətlərində davam edən gərginlik Cənub marşrutunun (İran ərazisindən keçən) risklərini artırıb. Bu iki əsas geosiyasi risk zonası arasında yerləşən Orta Dəhliz daha stabil və təhlükəsiz alternativ kimi ön plana çıxır.

Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan mühüm nəqliyyat arteriyasıdır. Bu marşrut həm quru, həm də dəniz komponentlərini özündə birləşdirir və çoxşaxəli logistika imkanları yaradır. Geosiyasi risklərin nisbətən az, marşrutun daha qısa və çevik olması, alternativ nəqliyyat imkanlarının mövcudluğu, regional əməkdaşlığın güclənməsi bu dəhlizin üstünlükləridir.

Çin qlobal iqtisadiyyatın əsas aktorlarından biri kimi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yeni bazarlara çıxışı genişləndirməyə çalışır. Şimal və Cənub marşrutlarında yaranan problemlər Çini Orta Dəhlizə daha çox investisiya yatırmağa və bu marşrutdan istifadəni artırmağa sövq edir. Bu isə Orta Dəhliz ölkələri üçün əlavə iqtisadi dividendlər və tranzit gəlirləri deməkdir.

“Orta Dəhlizdə Azərbaycanın rolu xüsusilə stratejidir. Ölkə coğrafi mövqeyi baxımından Şərq ilə Qərbi birləşdirən əsas körpüdür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bu dəhlizdəki rolumuzu daha da gücləndirir. Ölkəmiz həm də enerji və logistika mərkəzi kimi çıxış edərək regionda sabitlik və əməkdaşlıq platforması yaradır. Bu isə ölkənin geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, iqtisadi inkişafına da ciddi təkan verir.

Eyni zamanda, Orta Dəhliz Prezident İlham Əliyevin bildirdiyi kimi “ailəmiz” olan Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsinə, tarixi, dini və milli birliyimizin iqtisadi əsaslar üzərindən də inkişaf etməsinə imkan verir. Orta Dəhliz yalnız regional deyil, qlobal ticarət üçün də əsas marşrut xəttinə çevrilir”,- deyə Y.Hacızadə vurğulayıb.

Politolqun sözlərinə görə, mövcud geosiyasi reallıqlar – Rusiya-Ukrayna müharibəsi, İran-ABŞ qarşıdurması və Çinin qlobal iqtisadi ekspansiyası dünya ticarətində yeni balanslar yaradır. Bu şəraitdə Orta Dəhliz təkcə alternativ marşrut deyil, həm də strateji zərurətə çevrilir. Gələcək perspektivdə bu dəhlizin inkişafı Avrasiya məkanında iqtisadi inteqrasiyanı gücləndirəcək, region ölkələrinin geosiyasi çəkisini artıracaq və qlobal ticarətin daha şaxələndirilmiş və dayanıqlı olmasına xidmət edəcək. Bu baxımdan, Orta Dəhliz, sadəcə, nəqliyyat xətti deyil, yeni dünya nizamında mühüm geoiqtisadi platformadır.

Избранный
31
50
azertag.az

10Источники