RU

Hörmüz boğazının blokadası dünya iqtisadiyyatına təhdid yaradıb VİDEO

Bakı, 16 aprel, AZƏRTAC

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün artıq bir təhdidə çevrilib və bu problemin həlli üçün səylər nəticə vermir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, boğaza nəzarəti ələ keçirməyə çalışan ABŞ İran ilə razılığa gələ bilmir. İran da öz növbəsində boğazı bağlamaqla dünya enerji bazarına göstərdiyi təzyiq imkanından imtina etmək fikrində deyil.

AZƏRTAC xəbər verir ki, müxtəlif mətbuat orqanlarının boğazdan gəmilərin keçməsi haqqında xəbərlər dərc etməsinə baxmayaraq keçid bağlı olaraq qalır. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən 2026-cı ildə qlobal iqtisadiyyat 3,1 faiz artacaq ki, bu da yanvar ayındakı proqnozdan 0,2 faiz azdır. BVF-nin yanvarda verdiyi proqnozu yenidən analiz edərək düzəltməsi (azaltması) Yaxın Şərqdə başlanan müharibə ilə əlaqədardır. Fond Körfəzdə başlanan hərbi əməliyyatların qısa müddətdə başa çatacağını düşünürdü. Lakin göründüyü kimi vəziyyət nəinki yumşalmadı, əksinə, İran ilə ABŞ arasındakı danışıqlar da baş tutmadı və gərginlik artdı. Bunların nəticəsində Hörmüz boğazı bağlı qalmaqda davam edir ki, bu da dünya enerji bazarında neft və qazın qiymətini artırır.

BVF cari ildə qlobal inflyasiyanın 4,4 faiz artacağını da nəzərə çatdırıb və qeyd olunub ki, münaqişə davam etsə, inflyasiyanın da faizi artacaq.

Fondun analizinə görə, 2026-cı ildə neft və qazın qiyməti 100 faiz artacaq və 2027-ci ilə kimi dünya enerji bazarında enerjidaşıyıcıların qiyməti yüksək səviyyədə qalacaq ki, bu da qlobal iqtisadiyyatın 2 faizdən artıq artmasına imkan verməyəcək.

Hazırda ABŞ Hörmüz boğazını blokadaya alaraq İranın dənizə çıxışının qarşısını alıb. Lakin CNN-in verdiyi məlumata görə, dünən ABŞ hərbi dəniz qüvvələri 10 gəminin keçidinə icazə verməyib. Siyasi şərhçilər hesab edir ki, ABŞ yalnız İranın deyil, bütün ölkələrin gəmi və tankerlərini Körfəzdən çıxmağa imkan vermir və bununla dünya dövlətlərinin İrana təzyiq göstərməyə vadar etmək istəyir. ABŞ-nin buna nail ola biləcəyini isə zaman göstərəcək.

Избранный
2
2
azertag.az

3Источники