RU

Bakıda ABŞ-la müzakirələrin PƏRDƏARXASI  

ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri Bakıya gəliblər.

Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir müavini Elnur Məmmədovla görüşdə iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsindən irəli gələn məsələlər, o cümlədən enerji və ticarət sahəsində əməkdaşlıq, regional əlaqələrin inkişafı və iqtisadi investisiyalar müzakirə olunub.

Tərəflər nəqliyyat, rəqəmsallaşdırma, süni intellekt və digər sahələrdə potensial layihələr, eləcə də özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın regional enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolu, Orta Dəhliz daxilində ticarət yollarının şaxələndirilməsi, ölkədəki əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələləri də müzakirə ediblər.
Bu görüş Azərbaycan–ABŞ münasibətlərində iqtisadi və texnoloji gündəliyin ön plana çıxdığını göstərən mühüm siqnaldır. ABŞ Dövlət Departamenti və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) nümayəndələrinin Bakıya səfəri təkcə diplomatik protokol xarakteri daşımır, eyni zamanda konkret iqtisadi və strateji maraqların uzlaşdırılması məqsədi güdür. 

Azərbaycanla

Əvvəla, Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində enerji əməkdaşlığının yenidən vurğulanması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da möhkəmləndiyini göstərir. Bu kontekstdə ölkə artıq sadəcə enerji ixracatçısı deyil, həm də regional enerji qovşağı kimi çıxış edir.


Digər mühüm məqam Orta Dəhlizlə bağlı müzakirələrdir. Azərbaycanın bu layihədəki rolu Qərb üçün alternativ ticarət marşrutlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu isə xüsusilə qlobal logistika zəncirlərində dəyişikliklərin baş verdiyi bir dövrdə ABŞ-ın regiona marağının artdığını göstərir.

Görüşdə rəqəmsallaşdırma və süni intellekt kimi sahələrin gündəmə gətirilməsi isə əməkdaşlığın artıq ənənəvi enerji çərçivəsindən çıxaraq yüksək texnologiyalar mərhələsinə keçdiyini sübut edir. Bu, ABŞ şirkətlərinin Azərbaycan bazarına daxil olması və innovasiya yönümlü investisiyaların artması ehtimalını gücləndirir.


Nəticə etibarilə, bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərir: enerji tərəfdaşlığından kompleks iqtisadi və texnoloji əməkdaşlığa doğru transformasiya.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin Musavat.com-a bildirdiyinə görə, Azərbaycan-ABŞ münasibətləri Tramp administrasiyası dövründə spesifik xarakter daşıyır. Bu əlaqələrin həm siyasi, həm iqtisadi cəhətdən inkişafda olduğunu deyən Ç.Qənizadə hesab edir ki, qarşıdakı dövrdə əməkdaşlıq daha da dərinləşəcək: "Donald Trampın prezident seçilməsi Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərdə, o cümlədən Cənubi Qafqazın siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olub. Hər şey ondan başladı ki, Trampın iştirakı ilə Vaşinqtonda sülh mətni paraflandı. Ardınca Ağ Ev lideri bədnam "907-ci akt"ın icrasını dayandırdı. Həmçinin Xartiya, Qəzza üçün Sülh Şurasında iştirakımız, ən əsası vitse-prezident Ceyms Di Vensin Bakıya səfəri, eləcə də digər təmaslar Bakı-Vaşinqton əməkdaşlığını kifayət qədər gücləndirib. Halbuki əvvəlki ABŞ hökumətlərinin dönəmində Azərbaycana bu səviyyədə diqqət və dəstək olmayıb. Ona görə də Tramp hakimiyyəti ilə münasibətlərin inkişafında belə səfərlərin və müzakirələrin davamı qaçılmazdır".

Komitə sədrinin fikrincə, bu əlaqələr "Tramp yolu" layihəsinin - yəni Zəngəzur koridorunun reallaşması üçün mühüm əhəmiyyətə malikdir:

"Bu logistika ticari nöqteyi-nəzərdən ciddi məsələdir. Birləşmiş Ştatlar regionda iqtisadi maraqları olan və sabitlik tərəfdarı bir dövlətdir. Eyni zamanda, layihənin Trampın adına olması regional stabillik üçün qarantiya faktorudur. ABŞ liderinin adı ilə bağlı proyektə üçüncü tərəfin əngəl olmağa cəsarət göstərməsini gözləmirəm. Odur ki, amerikalılar regiona səfərləri artırır, həm Bakı, həm İrəvanla danışıqlar aparır, Cənubi Qafqazda təsiri gücləndirirlər. Bu əlaqələr Azərbaycana investisiya axını da vəd edir. Nəzərə alaq ki, Tramp hökuməti iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirir. Azərbaycan isə belə bir fövqəlgüc dövlətlə münasibətlərin inkişafından yalnız məmnun ola bilər. Bu əlaqələr üçüncü tərəfə qarşı yönəlməyib".

Emil Salamoğlu
Musavat.com

Избранный
49
musavat.com

1Источники