Bakı, 16 aprel, AZƏRTAC
Müasir dövrün qlobal problemlərinə Azərbaycan həssas münasibət göstərir və məsələlərin həllində fəal iştirak edir. Azərbaycanın qlobal xarakterli problemlərə praqmatik yanaşma tərzi var. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının may ayında paytaxtımızda keçirilməsi rəsmi Bakının qlobal problemlərə ciddi diqqət ayırmasının göstəricisidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova deyib. O bildirib ki, bu gün dünyada təxminən 3 milyard insan qeyri-kafi mənzil şəraitində yaşayır, 1,1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə evsizdir. Bu çətinliklər iqlim dəyişikliyi, münaqişələr və artan bərabərsizliklə daha da güclənir. Dünyada müşahidə olunan geosiyasi proseslər nəticəsində baş verən hərbi münaqişələr qeyd olunan rəqəmləri daha da artırır ki, bu da bəşəriyyətin ağır probleminə çevrilir.
“WUF13-də iştirak etmək üçün dövlət və hökumət rəhbərləri, iri biznes strukturlarının təmsilçiləri, tikinti şirkətlərinin mühəndisləri Bakıya gələcəklər. WUF13 açıq forumdur və burada hamı təklif irəli sürə və forum iştirakçılarından yeniliyi öyrənib işində tətbiq edə bilər”- deyən mütəxəssis vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və tikinti layihələri həyata keçirilir. Bu ərazilərdə qabaqcıl şəhərsalma prinsiplərinə əsaslanaraq yeni yaşayış məntəqələri, nəqliyyat, enerji və iqtisadi infrastruktur qurulur və “yaşıl enerji zonaları”, “ağıllı şəhər”lər və “sıfır tullantı” kimi innovativ konsepsiyalar tətbiq olunur. Bütün bu işlər Azərbaycanın dünyanın yeni çağırışlarına cavab verdiyini göstərir.
“BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təşkil edilən WUF təcrübə mübadiləsi üçün vacib platformaya çevrilib və bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verib. WUF13 yeni şəhərsalmanın həyata keçirilməsinin qiymətləndirilməsində, son onilliyin nəticələrinin yekunlaşdırılmasında və 2036-cı ilə qədər prioritetlərin müəyyənləşdirilməsində mühüm mərhələ olacaq.
Azərbaycanın belə beynəlxalq tədbirləri təşkil etmək üçün böyük təcrübəsi var. Bakıda COP29-un təşkili beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. WUF13-ün də yüksək qiymət alacağına şübhə yoxdur”, - deyə M. İmanova əlavə edib.