RU

“İran rejimi getdikcə normallaşmaq yerinə daha da radikallaşır və...”-MÜSAHİBƏ

 “Ehtimal çoxdur ki, yaxın günlərdə müzakirələrin davam etməyəcəyi təqdirdə yenidən böyük bir hərbi qarşıdurma baş versin...”
 
“Düzdü, Güney Azərbaycanda həbs edilənlər var. Amma hələ mən tutulanların azad edilməsi ilə bağlı yeni xəbərlər almamışam...”
 
“İran blokadada qalan limanları vasitəsilə 150 milyon tonluq ixracat, 82 milyon tonluq idxalat edirsə, təbii ki, bu, ölkə üçün ciddi problemlər yaradacaq. İran bu vəziyyətə 2–3 ay dözə bilər, amma belə bir durumun uzun müddət davam etməsi daxildən iqtisadiyyatı çökdürə bilər...”
 
“Bu səbəbdən mən düşünürəm ki, Amerika və Çin İranla bağlı razılığa gələcək. Əks təqdirdə,  ABŞ-ın şiddət dərəcəsinə getməsi halında Çin Tayvana müdaxilə edəcək...”
 
Güney Azərbaycanlı jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert, jurnalist, Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi ilə Moderator.az üçün budəfəki söhbətimizdə əsasən İslamabaddakı son ABŞ-İran danışıqlarından sonra yaranmış durumu və İranın daxili vəziyyətini müzakirə etdik.
 
– Bu, əvvəlcədən gözlənilən bir nəticə idi və danışıqların nəticəsiz qalacağı görünürdü. Nədən ki, İranın şərtlər siyahısı ABŞ-ınkı ilə uyuşmurdu. Bu da göstərdi ki, 47 illik düşmən münasibətlərindən sonra konfliktin bu çəkildə çözülməsi çox çətindir. Təbii ki, Amerika, Trampın dediyi kimi, hər şeyi maksimum şəkildə istəyir. Əsas məsələlərdən biri Hörmüz boğazı və 440 kiloqramlıq, 60% zənginləşdirilmiş uraniumla bağlıdır. Bu baxımdan danışıqlardakı heyət də çox mürəkkəb, qarışıq bir quruluş təşkil edirdi. İran nümayəndəliyi arasında də müəyyən çaşqınlıq var idi. Yəni “SEPAH”-ın və oradakı digər hökumət müzakirəçilərinin qarşı tərəflə dialoqu fərqli idi və  uyğunlaşmırdı. Ehtimal çoxdur ki, yaxın günlərdə müzakirələrin davam etməyəcəyi təqdirdə yenidən böyük bir hərbi qarşıdurma baş versin...
 
– Neçə gündür ki, ABŞ Hörmüz boğazının çıxışını blokadaya alıb, oradakı durum barədə nə məlumatınız var?
 
– ABŞ-ın Hörmüzdə tətbiq etdiyi blokada artıq bir qədər yumşalıb. Məsələn, Tramp Çin gəmilərinə keçməyə icazə verib, amma 8 İran mənşəli gəmi geri qaytarılıb. Digər tərəfdən, İran Körfəz ölkələrindən olan gəmilərin keçməsinə mane olur, onlar İrana keçid üçün opul ödəsələr də, Amerika çıxışda onların qarşısını alır. Yəni hər iki tərəf öz maraqlarını qorumağa çalışır... Bu minvalla ABŞ Hörmüzdə İrandan daha çox iqtisadi və siyasi gərginlik yaradır. Bu da dünyada enerji böhranına səbəb ola bilər. Böyük ehtimalla İran tədricən bir-bir ölkələrlə ayrıca danışıqlara başlayacaq. ABŞ-ın da bu siyasətinin dünya iqtisadiyyatına zərər vermək ehtimalı var, amma eyni zamanda İranın da iqtisadiyyatına ciddi problemlər yarada bilər. İran hazırda xaricdən məhsulların idxalını mühasirədə qalan həmin limanlar vasitəsilə icra edir. Eyni yolla 150 milyon tonluq ixracat, 82 milyon tonluq idxalat edirsə, təbii ki, bu, ölkə üçün ciddi problemlər yaradacaq. İran bu vəziyyətə 2–3 ay dözə bilər, amma belə bir durumun uzun müddət davam etməsi daxildən iqtisadiyyatı çökdürə bilər...
 
- İranın guya Hörmüz boğazını xaricdəki  6 milyard dondurulmuş aktivlər hesabına Amerikaya satması haqda fikirlər yayılır- belə bir şey ola bilərmi?
 
– Belə bir halı mümkün hesab etmirəm... İranın xaricdəki dondurulmuş akitvlərin Cənubi Koreyadan Qətərə transfer edilmiş bir hissəi 6 milyard, bəzən isə 7 milyard dollar göstərilir. Bu, sadəcə bir qismidir.  İranın ABŞ tərəfindən blok edilmiş ümumi pulu 125–150 milyard dollar civarındadır. Bunun hələlik 27 milyardı tələb edilmişdi.  Və həmin pullar qarşılığında da İran həbs etdiyi bir neçə ABŞ vətəndaşını sərbəst buraxıb. Ehtimal çoxdur ki, bu üsulla daha bir neçə Amerika vətəndaşı sərbəst buraxıla və bu şəkildə razılığa gəlinə bilər. Ancaq bunun da həlli çox çətin məsələdir və hələ müzakirə olunur. Əsas məsələlərdən biri Livandakı vəziyyət və zənginləşdirilmiş uraniumdur...
 
–Güney Azərbaycanda durum necədir? Son məlumatlara görə, 40-a yaxın soydaşımızın həbs edilib. Onlar buraxılıbmı, yoxsa?
 
– Düzdü, Güney Azərbaycanda həbs edilənlər var. Amma hələ mən tutulanların azad edilməsi ilə bağlı yeni xəbərlər almamışam. Fəqət getdikcə rejimin təzyiqləri artır. Yəni, nə qədər ki, savaş davam edir, repressiyalar edamlar çoxalır. Keçən il 1600 nəfərdən çox insan edam olunub və indi də bəzi siyasi şəxslər həbs olunur. Hakimiyyət getdikcə normallaşmaq yerinə daha da radikallaşır və repressiyaların, edamların daha da artacağı gözlənilir...
 
– Bundan sonra İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların davam etməsi mümkündürmü? Bəzi analitiklər İranın ABŞ-la Çin arasındakı yarımgizli savaşın poliqonuna çevriləcəyini söyləyirlər…
 
– Bəli, Amerika hər cür addım ata bilər. Əgər növbəti müzakirədən də istənilən nəticə alınmasa, ehtimal vardır ki, hazırda bölgədə olan 50 min əsgərdən əlavə 10 min əsgər də göndərilsin və İranın quru sərhədlərindən  genişmiqyaslı əməliyyat həyata keçirilsin. İkinci bir variant da mümkündür ki, ABŞ özü hərbi əməliyyatları dayandırıb İranı elə bu vəziyyətdə, blokada və sanksiyalar altında buraxsın və bununla ölkəni tam iqtisadi çöküşə aparsın, digər tərəfdən isə paralel olaraq İsrail vasitəsilə bombardmanları davam etdirsin. Hətta vəziyyətin bu qaydada getməsi də həm İsrailin, həm də ABŞ-ın maraqlarına xidmət edə bilər. Yəni müharibəyə girmədən İranı blokadaya almaqla iqtisadi və strateji baxımdan çökdürülməsinin mümkünlüyü də gözlənilir...
 
Çin və ABŞ arasında isə belə bir konflikt baş verəcəyini mən ehtimal etmirəm. Çünki hər iki dövlət bundan çəkinir. Çin çalışır ki, dünyadakı bu cür gərginliklərə qatılmasın. Hətta Trampa da deyiblər ki, biz İrana silah göndərmirik. Ancaq iqtisadi məsələlərdə Çinlə İran arasında xüsusi bir anlaşma var; Çin ona gərək olan neftin 90%-ni İrandan alır. Bu səbəbdən mən düşünürəm ki, Amerika və Çin İranla bağlı razılığa gələcək. Əks təqdirdə,  ABŞ-ın şiddət dərəcəsinə getməsi halında Çin Tayvana müdaxilə edəcək...
 
Sultan Laçın
 
Избранный
19
1
moderator.az

2Источники