RU

Özbəkistanda sahibkarlar üçün maliyyə cərimələrinin ödənilməsi proseduru sadələşdirildi

BAKI, 16 aprel. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanına uyğun olaraq, oktyabrın 1-dən sahibkarlar üçün maliyyə cərimələrinin ödənilməsi proseduru sadələşdiriləcək və bir sıra yeni imkanlar yaradılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

“Maliyyə cərimələrinin tətbiqi prosedurunun daha da liberallaşdırılması və məhkəmə nəzarətinin səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərara əsasən, sahibkarlar səlahiyyətli orqan tərəfindən tətbiq edilən cəriməni iki yolla könüllü şəkildə ödəmək imkanına malik olacaqlar.

Xüsusilə, qərarın verildiyi tarixdən etibarən bir ay ərzində cərimənin 50 faizini ödəməklə qalan məbləğdən imtina etmək olar. Həmçinin cəriməni 6 ay ərzində bərabər hissələrlə ödəmək imkanı da mövcuddur.

Qərara əsasən, maliyyə cəriməsi məhkəmə tərəfindən ləğv və ya etibarsız elan edilərsə, toplanan vəsait 15 gün ərzində geri qaytarılacaq.

Bu müddət pozulduqda, gecikmənin hər günü üçün Mərkəzi Bankın baza dərəcəsinin 300 faizi miqdarında faiz ödəniləcək.

Bildirilib ki, bu dəyişikliklər sahibkarların fəaliyyətinin dəstəklənməsi və maliyyə sanksiyalarının tətbiqində ədalətliliyin təmin edilməsi məqsədi daşıyır.

Избранный
18
teleqraf.com

1Источники