"Yuventus" və "Arsenal"ın sabiq qapıçısı Aleksandr Manninger yol qəzasında həlak olub.
Offsideplus.az xəbər verir ki, Avstriya yığmasının keçmiş futbolçusunun 48 yaşı var idi.
"Bild" nəşrinin məlumatına görə, faciə cümə axşamı səhər saatlarında dəmir yolu keçidində baş verib. Manningerin idarə etdiyi maşın qatarla toqquşub və avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə gələn təcili yardım xidmətləri ona ilk tibbi yardımı göstərib və defibrilyatordan istifadə etsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı Manningerin avtomobildə tək olduğu bildirilir. Hazırda hadisənin başvermə şəraiti araşdırılır, xüsusilə keçiddə qırmızı işığın vaxtında yanıb-yanmadığı yoxlanılır.
Qeyd edək ki, o, "Arsenal"ın heyətində İngiltərə Premyer Liqasının, ölkə kubokunun və iki dəfə Superkubokun qalibi olub, "Yuventus"la isə İtaliya çempionluğunu qazanıb. Qapıçı Avstriya yığmasında 33 oyun keçirib.