RU

Məhəmməd Seman Ağanın Kərkük valisi seçilməsi bu bölgənin Türk dünyası ilə inteqrasiyasını sürətləndirə bilər



“İraq Türkmən Cəbhəsinin prezidenti Məhəmməd Seman Ağanın Kərkük vilayətinin valisi seçilməsi İraq türkmənlərinin həyatında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu hadisə 100 ildən sonra Kərkükün yenidən Türklər tərəfindən idarə olunması deməkdir”.

Bunları Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov deyib. ATXƏM sədri deyib ki, bu siyasi hadisə bir neçə istiqamət üzrə olduqca mühüm əhəmiyyət kəsb edir:

“Bildiyimiz kimi İraqın siyasi xəritəsində Kərkükün xüsusi yeri var. Bu vilayət təkcə enerji resursları ilə deyil, həm də ərəb, kürd və türkmən icmalarının kəsişdiyi strateji nöqtədir. Belə bir bölgədə Məhəmməd Seman Ağanın Kərkük valisi seçilməsi regional siyasətdə yeni mərhələnin başlanğıcı sayıla bilər”.

İlham İsmayılov hesab edir ki, bu hadisə İraq türkmənlərinin mədəni muxtariyyəti və onların Türk dünyası ilə inteqrasiyası baxımından da əhəmiyyətlidir:

“Hesab edirəm ki, Məhəmməd Seman Ağanın vali seçilməsi türkmənlərin mədəni hüquqlarına birbaşa təsir göstərə bilər. Türkmən dilində təhsil genişləndirilə, məktəblərin sayı arta, ali təhsil proqramlarının yaradılması mümkün ola bilər. Həmçinin, Türkmən mədəniyyət evləri, teatrlar, media qurumlarının fəaliyyəti genişlənə bilər. Ən əsası, türkmənlərin mərkəzi hökumətdə daha güclü təmsil olunmasına zəmin yaradar”.

İlham İsmayılov onu da qeyd edib ki, Məhəmməd Seman Ağanın vali seçilməsi türkmənlərin Türk dünyası ilə inteqrasiyasına da öz müsbət təsirini göstərəcək:

“Məlum olduğu kimi İraq türkmənlərinin Türk dünyası ilə əlaqələri tarixi və mədəni baxımdan dərin köklərə malikdir. Bu baxımdan bundan sonrakı prosesdə Kərkükün Türk Dövlətləri Təşkilatı kimi platformalarla əməkdaşlığının genişlənməsini də müşahidə edə bilərik”.


Süleyman
Избранный
30
1
newscenter.az

2Источники