RU

300 bal toplayan şagird: Blok imtahanına hazırlaşmıram

Bakı, 17 aprel, AZƏRTAC

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahanda maksimal 300 bal toplamaqla ən yüksək nəticə göstərənlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli orta məktəbin məzunu Aydın Həsənli olub.

Təəssüratlarını AZƏRTAC-la bölüşən Aydın bildirib ki, məktəbdə hər zaman əlaçı olub və imtahana sistemli şəkildə hazırlaşıb. Onun sözlərinə görə, imtahan zamanı Azərbaycan dili fənni üzrə açıq tipli sualların cavablandırılması nisbətən daha çox vaxt aparıb.

Gələcək planlarından danışan Aydın qeyd edib ki, özünü kompüter elmləri sahəsində görür və bu istiqamətdə təhsil almaq üçün Bakı Ali Neft Məktəbinə qəbul olmağı hədəfləyir. O bildirib ki, bakalavr təhsilini Azərbaycanda, magistr təhsilini isə xaricdə davam etdirməyi planlaşdırır:

“Digər abituriyentlərə tövsiyəm odur ki, qarşılarına konkret məqsəd qoysunlar və həmin məqsədə doğru ardıcıl şəkildə irəliləsinlər”.

O, həmçinin 2025-ci ildə Respublika Fənn Olimpiadalarında riyaziyyat fənni üzrə gümüş medal qazanıb. Bu nailiyyət ona ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul imkanı yaratdığından, blok imtahanında iştirak etməyi planlaşdırmır.

Qeyd edək ki, Aydın Həsənli 2024-cü ildə IX sinif üzrə buraxılış imtahanında da maksimum nəticə göstərib.

Избранный
19
azertag.az

1Источники