Ekvador millisinin və “Çelsi”nin dayaq yarımmüdafiəçisi Moyses Kaysedo bu gün İngiltərə klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasındakı yeni sözləşmə 2033-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki müqavilənin müddəti 2031-ci ilin yayında bitəcəkdi.
Moyses Kaysedo Ekvadorun “İndependyente del Valye” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında 28,2 milyon avro qarşılığında bu komandadan İngiltərənin “Brayton” klubuna keçib. Gənc futbolçu Premyer Liqa təmsilçisində ümumilikdə 53 matça çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. Kaysedo “Brayton”da olarkən qısa müddət (2021/2022 mövsümündə) Belçikanın “Beersxot” klubunda icarədə də olub.
“Çelsi” Kaysedonu 2023-cü ilin avqust ayında “Brayton”dan transfer edib. 24 yaşlı futbolçunun “zadəganlar”la 2031-ci ilin 30 iyununa kimi müqaviləsi var. “Zadəganlar”ın “qağayılar”a ödədiyi 116 milyon avroluq transfer məbləği İngiltərə futbolu üçün rekorddur.
2025/2026 mövsümündə Kaysedo “Çelsi”nin heyətində 42 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə verib. O, bu klubun heyətində bütövlükdə 140 oyuna çıxıb, 8 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Kaysedo 2020-ci ilin oktyabrında debüt etdiyi Ekvador yığmasında 60 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.
