RU

Trampın ziddiyətli komandası: Ağ Evdə səssiz qarşıdurma

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də siyasi proseslərdə fərdlərin rolu bəzən institutları kölgədə qoyur. Xüsusilə Donald Tramp kimi qeyri-ənənəvi liderin ətrafında formalaşan komanda bu tendensiyanı daha da gücləndirir. Onun yaxın çevrəsində yer alan Marko Rubio, Cey Di Vens, Stiv Uitkoff, Pet Heqset, Cared Kuşner kimi fiqurlar vahid strategiyadan daha çox bir-biri ilə ziddiyyət təşkil edən yanaşmaları təmsil edirlər. Bu isə Trampın siyasi xəttinin sistemli deyil, daha çox situativ və qeyri-sabit xarakter daşıdığını göstərir.

Modern.az saytı Trampın komandasını, onların fərqli cəhətlərini və bu fərqlərin qərarvermə prosesinə necə təsir etdiyini araşdırıb.

Sistemlə ziddiyyət: Marko Rubio

Kuba əsilli dövlət katibi Marko Rubio Respublikaçılar Partiyasının ənənəvi qanadını təmsil etsə də, onun baxışları Trampın impulsiv qərarları ilə tez-tez üst-üstə düşmür. ABŞ-nin qlobal liderliyinin qorunmasını müdafiə edən Rubio, xüsusilə Çin və İran kimi məsələlərdə sərt və ardıcıl siyasətin tərəfdarıdır. Lakin Trampın tez-tez dəyişən mövqeləri bu xəttin sabit şəkildə həyata keçirilməsini çətinləşdirir. Nəticədə Rubio kimi siyasətçilərin mövcudluğu koordinasiyadan daha çox daxili ziddiyyət görüntüsü yaradır.

Populizmin ideoloji sərtləşməsi: Cey Di Vens

Vitse-prezident Cey Di Vens "Trampizm"i daha radikal və ideoloji çərçivəyə salmağa çalışan fiqur kimi çıxış edir. Onun qlobalizmə qarşı sərt ritorikası və xarici müdaxilələrə skeptik yanaşması ABŞ-nin ənənəvi xarici siyasət doktrinasından uzaqlaşmanı sürətləndirir. Bu isə ölkənin beynəlxalq rolunun daralması və strateji qeyri-müəyyənliyin artması ilə nəticələnə bilər.

Qeyri-rəsmi qərarvermə: Stiv Uitkoff

Donald Trampın danışılqlar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun təsiri isə siyasi sistem baxımından daha problemli görünür. Rəsmi dövlət vəzifəsi daşımayan biznesmenin qərarvermə prosesində rol oynaması institusional idarəçiliyi zəiflədir. Onun “sövdələşmə” yanaşması dövlət siyasətinin uzunmüddətli strategiyadan daha çox qısamüddətli faydalara əsaslanmasına gətirib çıxara bilər.

Ritorikanın sərtləşdirilməsi: Pit Heqset

Hərbi nazir Pit Heqset kimi media sahəsindən gəlmiş fiqurların təsiri isə Trampın siyasi diskursunu daha da kəskinləşdirir. Vətənpərvərlik və mədəni qarşıdurma üzərində qurulan mesajlar cəmiyyətdə qütbləşməni artırır. Bu yanaşma qısa müddətdə siyasi dəstək qazandırsa da, uzunmüddətli perspektivdə sosial parçalanmanı dərinləşdirə bilər.

Kölgə təsir mərkəzi: Cared Kuşner

Prezidentin kürəkəni Cared Kuşner isə Tramp komandasının ən qeyri-adi və eyni zamanda ən təsirli fiqurlarından biri hesab olunur. Rəsmi seçkili siyasətçi olmasa da, onun qərarvermə prosesində rolu uzun müddət diqqət mərkəzində olub. Kuşner daha çox praqmatik və “razılaşma yönümlü” yanaşmanı təmsil edir. Xüsusilə xarici siyasətdə qeyri-ənənəvi kanalların açılması və şəxsi diplomatiya elementlərinin güclənməsi onun təsiri ilə əlaqələndirilir. Bu isə institusional mexanizmlərin arxa plana keçməsi ilə nəticələnə bilər.

Ziddiyyətlərin yaratdığı risklər

Bu fiqurların hər biri fərqli istiqamətləri təmsil etsələr də, onların birlikdə mövcudluğu vahid strategiyanın formalaşmasını çətinləşdirir. Dövlətçilik, populizm, biznes maraqları və media ritorikası arasında balansın olmaması idarəetmədə qeyri-müəyyənlik yaradır.

Nəticə etibarilə, Donald Trampın ətrafındakı komanda güclü və koordinasiyalı strukturdan daha çox fərqli və bəzən bir-birinə zidd təsir mərkəzlərinin toplusunu xatırladır. Bu isə siyasətin daha çox şəxsi instinktlər və situativ qərarlar üzərində qurulduğunu göstərir. Belə model isə uzunmüddətli sabitlik və proqnozlaşdırıla bilən idarəçilik baxımından ciddi suallar doğurur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
3
modern.az

4Источники