RU

İran Ali Milli Təhlükəsizlik Şurası: ABŞ-ın yeni təkliflərinə hələ cavab verilməyib

İran Ali Milli Təhlükəsizlik Şurası ABŞ tərəfindən Pakistan vasitəsilə təqdim olunan yeni təkliflərə hələ cavab verilmədiyini açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Şuranın yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, ABŞ tərəfinin atəşkəs və müharibənin dayandırılması ilə bağlı mesaj və müraciətlərinə baxmayaraq, İran İslam Respublikası danışıqların yalnız öz təklif etdiyi 10 maddəlik plan çərçivəsində aparılmasını qəbul edib.

“İran İslam Respublikası müharibənin 40-cı günündə və ABŞ prezidentinin İranın 10 maddəlik planını danışıqların çərçivəsi kimi qəbul etdiyini rəsmən elan etməsindən sonra bu danışıqları dost və qardaş ölkə Pakistanın vasitəçiliyi ilə İslamabadda aparmağa razılıq verib”, - bəyanatda vurğulanıb.

Sənəddə bildirilib ki, ABŞ tərəfi danışıqlardan əvvəl qeyd olunan çərçivəni qəbul etsə də, görüşlər zamanı yeni və qəbuledilməz tələblər irəli sürüb və bu, İran nümayəndə heyətinin qəti mövqeyi ilə qarşılanıb.

Şura əlavə edib ki, son günlər Pakistan ordusunun komandanının Tehrana səfəri çərçivəsində ABŞ tərəfindən yeni təkliflər təqdim olunub və hazırda həmin təkliflərə baxılır, lakin hələlik rəsmi cavab verilməyib.

“İran nümayəndə heyəti heç bir halda milli maraqlardan geri çəkilməyəcək”, - bəyanatda qeyd olunub.

Bununla yanaşı, sənəddə vurğulanıb ki, müvəqqəti atəşkəsin əsas şərtlərindən biri bütün cəbhələrdə, o cümlədən Livanda atəşin dayandırılması olub və qarşı tərəf bunu qəbul edib.

“Bu çərçivədə Hörmüz boğazı atəşkəs müddəti ərzində yalnız ticarət gəmilərinin keçidi üçün, İranın müəyyən etdiyi marşrut və silahlı qüvvələrin nəzarəti altında şərti olaraq açıq ola bilər”, - bəyanatda bildirilib.

Şura qeyd edib ki, ABŞ-ın regiondakı hərbi bazalarının təminatının böyük hissəsi Hörmüz boğazından keçən gəmilər vasitəsilə həyata keçirilir və bu, İranın milli təhlükəsizliyi üçün təhdid yaradır.

“İran müharibə başa çatana və regionda davamlı sülh bərqərar olunana qədər Hörmüz boğazına nəzarəti davam etdirəcək”, - sənəddə vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, boğazdan keçid yalnız müvafiq məlumatların təqdim edilməsi, icazələrin alınması və müəyyən edilmiş qaydalara əməl olunması şərtilə mümkün olacaq.

Sonda bildirilib ki, əgər qarşı tərəf yenidən öhdəliklərini pozarsa və ya dəniz blokadası kimi addımlar atarsa, bu, atəşkəsin pozulması kimi qiymətləndiriləcək və Hörmüz boğazının məhdud açılması dayandırılacaq.

"Cebheinfo.az"

Избранный
10
6
cebheinfo.az

7Источники