Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "İnkişaf etməkdə olan səkkiz ölkə" (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, səfir Sohail Mahmud ilə görüşüb.
Day.Az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan ilə D-8 arasında siyasi, iqtisadi, ticarət, enerji, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.
Azərbaycanın təşkilata daxil olduğu gündən bəri D-8-də fəal iştirakı, o cümlədən Azərbaycanda keçirilən D-8 Həftəsi, eləcə də D-8 Media və Nəqliyyat üzrə Qabaqçıl Təcrübə Mərkəzlərinin, eləcə də D-8 Enerji və İqlim Mərkəzinin yaradılması istiqamətində davam edən səylər yüksək qiymətləndirilib. Həmçinin regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub, Yaxın Şərqdə vəziyyətin gərginliyinin azaldılması, beynəlxalq humanitar hüquqa riayət edilməsi və mülki şəxslərin qorunması məsələləri diqqət mərkəzində olub.