RU

Qapıya tor almayan(lar) milyonlarla manatın başına necə “daş salır”? - VİDEO

Qubanın ağ alması,
Yeməyə var alması,
Yarım gələnə qalıb,
Qapı torunu alması

II Liqada mübarizə aparan “Quba”nın sabiq prezidenti Ayaz Abdullayev Quba Olimpiya Stadionunda qapı toruna vurulmuş yamağın videosunu yayıb və haqlı olaraq bunu tənqid edib.

Açığı, ortaya çıxan mənzərə həm gülməlidir, həm də acınacaqlı. Amma burada bir məqam var:

Ayaz bəyin məqsədini anlamaq çətindir. Guya futbola xidmət edir, stadiondakı çatışmazlıqları ictimailəşdirir. Lakin öz rəhbərlik etdiyi komandanın vəziyyəti də heç fərqli deyil, bəlkə də daha pisdir.

Klubda xaos hökm sürür, futbolçuların maaşları gecikir və ya ümumiyyətlə, verilmir, vədlər yerinə yetirilmir. B

elə olan halda, başqasını tənqid etməzdən əvvəl insan öz təsərrüfatına baxmalıdır. Klassik ifadə ilə desək, heç kim öz gözündəki tiri görmür, amma başqasının gözündə tor axtarır.

Tor demişkən…

İndi keçək qapı toru məsələsinə. İlk baxışdan xırda detal kimi görünə bilər, amma bu “xırda detal” əslində, Azərbaycan futbolundakı sistemsizlik və məsuliyyətsizliyin güzgüsüdür.

Bu məsələni dərindən araşdırmağa başlasaq, çox tanış bir mənzərə ilə üz-üzə qalacağıq: hamı günahı bir-birinin üzərinə atacaq, amma məsuliyyət daşıyan tapılmayacaq.

Gənclər və İdman Nazirliyi deyəcək ki, stadion onların balansındadır, amma müqavilədə qapı torunun dəyişdirilməsi onların öhdəliyi kimi göstərilməyib.

Stadiondan istifadə edən “İmişli” və “Quba” deyəcək ki, biz, sadəcə, icarəçi kimi buradayıq, pulumuzu ödəyirik, bu, bizim işimiz deyil.

Peşəkar Futbol Liqası bildirəcək ki, stadion yoxlanış zamanı normal vəziyyətdə olub, sonradan yaranan problemə görə məsuliyyət daşımırıq, üstəlik, alternativ arena olmadığından, məcburi şəkildə icazə vermişik.

AFFA isə ənənəvi mövqeyindən çıxış edərək deyəcək ki, biz ümumi çərçivəni müəyyən edirik, bu cür detallara qarışmırıq.

Nəticə? Hamı haqlıdır, amma ortada biabırçı bir vəziyyət var.

Ən ironik tərəfi isə budur ki, bu qədər müzakirə və məsuliyyətdən yayınma cəmi 600 manatlıq bir məsələ üzərində qurulub.

Araşdırma göstərir ki, qapı torunun cütü təxminən 600 manata başa gəlir. Bu qədər cüzi məbləğ üçün bu boyda qurumların, rəhbərlərin məsuliyyətdən qaçması utancvericidir.

Problem pul deyil, problem yanaşmadadır, məsuliyyət hissinin olmamasındadır.

Bu mənzərəyə baxıb daha böyük vədlərə necə inanmaq olar? Məsələn, “İmişli”nin prezidenti Kamran Eyyubovun stadion və məşq bazası tikmək planları ilə bağlı verdiyi sözlər nə dərəcədə real görünür?

Bildirilirdi ki, UEFA-dan vəsait daxil olduqdan sonra bankdan kredit də götürüləcək və infrastruktur layihələrinə start veriləcək.

Amma artıq kifayət qədər vaxt keçib, UEFA-nın göndərdiyi vəsait klubun hesabına daxil olub, lakin ortada nə bir layihə var, nə bir tikinti, nə də ən sadə desək - vurulmuş bir mismar.

Əgər 600 manatlıq qapı torunu dəyişmək belə, problemə çevrilirsə, milyonlarla ölçülən infrastruktur layihələrinin həyata keçiriləcəyinə necə inanmaq olar? Bu sual artıq ritorik xarakter daşıyır.

Ən acınacaqlısı isə odur ki, bu cür məsuliyyətsizlik nəticəsində hər mövsüm itirilir. Günlər, aylar, illər keçir, amma real inkişaf yoxdur.

Sadəcə, günü-günə satmaq, vəziyyəti yamaqla “düzəltmək” və problemləri ört-basdır etmək davam edir.

Bu yanaşmanın sonu isə bəllidir: bir neçə ildən sonra milyonlarla vəsaitin hara xərclənməsi sual altında qalacaq, ortada nə normal stadion olacaq, nə də rəqabətədavamlı komanda.

Və biz yenə eyni sualı verəcəyik: bu qədər vəsait hara getdi?

Cavab isə çox sadə olacaq - məsuliyyətsizliyin, plansızlığın və qeyri-ciddi yanaşmanın.

MƏNdən demək...

Избранный
20
sportinfo.az

1Источники