Portuqaliya millisinin və “Real”ın sabiq futbolçusu Luiş Fiqu “Bayern”in vingeri Mikael Olise haqqında danışıb.
24 yaşlı futbolçu bu mövsüm göstərdiyi performansla diqqət mərkəzinə düşüb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı sabiq futbolçu Olisenin belə davam edərsə, “qızıl top” uğrunda mübarizə apara biləcəyini söyləyib:
“Olise “Real”a qarşı ilk matçda möhtəşəm çıxış etdi. Onun oyunu mənim xoşuma gəlir. Bu səviyyədə davam edərsə, “qızıl top”a real namizəd olacaq”.
“Bayern” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Real”ı 2:1 hesabı ilə məğlub edib. Cavab matçı aprelin 14-də, Münhendə keçiriləcək.
Fransalı futbolçu cari mövsümdə Bundesliqada 27 oyuna çıxaraq, 12 qol vurub və 18 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.