RU

Kürdə suyun səviyyəsi artdı

Kür çayının Aran bölgəsindən keçən hissəsində suyun səviyyəsi yüksəlib. Bu, Mingəçevir su anbarında artan səviyyəyə nəzarət məqsədilə çaya buraxılan suyun həcminin artırılması ilə bağlıdır.

“Unikal”ın məlumatına görə, maksimal tutumu 83 metr olan anbarda hazırda suyun səviyyəsi 80 metr 14 santimetrdir. Səviyyəni tənzimləmək üçün son iki gündə anbardan Kür çayına axıdılan suyun həcmi saniyədə 500 kubmetrdən 700 kubmetrə qaldırılıb.

Mütəxəssislər bildirir ki, havaların isinməsi və dağlarda qarın əriməsi nəticəsində anbara daxil olan suyun həcmi arta bilər. Bu səbəbdən səviyyəyə nəzarət gücləndirilib.

Artım Yevlax, Ağdaş və Zərdab ərazilərindən keçən hissələrdə daha aydın müşahidə olunur. Yevlaxda su səviyyəsi 1 metr 20 santimetrdən 3 metr 35 santimetrə, Zərdabda isə 4,5 metrdən 8 metr 77 santimetrə yüksəlib. Ağdaş ərazisində də oxşar dinamika qeydə alınır.

Sahilboyu ərazilərdə suyun qalxması nəzərə çarpsa da, mütəxəssislər vəziyyətin müvəqqəti olduğunu və ciddi narahatlıq üçün əsas olmadığını bildirirlər.

Ehtiram Muradov

Избранный
22
unikal.az

1Источники