Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
13–17 aprel 2026-cı il tarixlərində Almaniyanın Düsseldorf şəhərində
boru sənayesinin aparıcı beynəlxalq tədbirlərindən biri olan Tube 2026 sərgisi
keçirilib. Azərbaycanı sərgidə yeganə milli iştirakçı qismində "Baku Steel
Company” QSC (bundan sonra – BSC) təmsil edib.
Sərgi çərçivəsində şirkətin nümayəndə heyəti Avropa İttifaqı, ABŞ, Mərkəzi
Asiya və Yaxın Şərq regionlarından olan mövcud və potensial müştərilərlə bir
sıra işgüzar görüşlər keçirib. Danışıqların nəticəsi olaraq tərəfdaşların
BSC-nin istehsalat sahələrinə səfərləri, eləcə də xarici regionlarda sifarişçilərin
obyektlərinə texniki səfərlərin təşkili razılaşdırılıb. Keçirilən görüşlər şirkətin
ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq işgüzar əlaqələrinin yeni
müstəviyə çıxarılması baxımından əhəmiyyətli olub.
Bundan əlavə, aparıcı avadanlıq istehsalçıları ilə keçirilən görüşlərdə
perspektivli birgə layihələr, uzunmüddətli təchizat imkanları və texnoloji əməkdaşlıq
istiqamətləri müzakirə olunub.
Tədbirin önəmli nəticələrindən biri də BSC-nin Beynəlxalq Boru
Assosiasiyasına (International Tube Association – ITA) üzvlük üçün rəsmi dəvət
alması olub. Bu, şirkətin beynəlxalq bazarlardakı fəallığının, artan sənaye
nüfuzunun və qlobal standartlara uyğun fəaliyyətinin göstəricisidir.
Tube sərgisi 1988-ci ildən etibarən iki ildən bir keçirilir. 2026-cı
il sərgisində 40-dan çox ölkədən 1100-dən artıq şirkət iştirak edərək boru sənayesi
üçün geniş çeşiddə həllər nümayiş etdirib.
Xatırladaq ki, BSC 2024-cü ildə API (American Petroleum Institute)
sertifikatını əldə edərək, bu beynəlxalq standart çərçivəsində istehsal olunan
boru məhsullarının ABŞ və Avropa İttifaqı bazarlarına ixracına başlayıb. Bu
sertifikat şirkətin məhsullarının neft-qaz sənayesinin yüksək keyfiyyət və
texniki tələblərinə uyğunluğunu təsdiq edir və beynəlxalq bazarlardakı rəqabət
qabiliyyətini daha da gücləndirir.
ŞİRKƏT HAQQINDA
"Baku Steel Company” QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir
və tikinti, infrastruktur və sənaye sektorları üçün yüksək keyfiyyətli polad məhsulları
istehsal edir.
Ətraflı məlumat üçün:www.bakusteel.com
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.