RU

Qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan iqtisadiyyatı: Neftdən asılılığın azaldılması və yeni fiskal prioritetlər

Bakı, 20 aprel, AZƏRTAC

Dünya iqtisadiyyatı 2025-ci ildə artan geosiyasi gərginliklər, enerji bazarlarında müşahidə olunan yüksək volatillik və getdikcə güclənən ticarət məhdudiyyətləri ilə üzləşməkdədir. Beynəlxalq təşkilatların proqnozlarına görə, qlobal iqtisadi artım tempi nəzərəçarpacaq dərəcədə zəifləyib, Dünya Bankı isə 2026-cı il üçün bu göstəricini cəmi 2,6 faiz səviyyəsində qiymətləndirib. Bütün bu mürəkkəb amillərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı nisbi sabitliyini qoruyub saxlamaqla yanaşı, struktur transformasiya meyllərini də uğurla davam etdirib.

AZƏRTAC xəbər verir ki, 2025-ci ildə ölkənin ümumi daxili məhsulu real ifadədə 1,4 faiz artaraq 129,1 milyard manata çatıb. Bu artımın keyfiyyətcə ən əlamətdar cəhəti isə onun mənbələrində köklü dəyişikliklərin baş verməsidir: qeyri-neft-qaz sektoru 2,7 faiz artıb, neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalıb. Bu rəqəmlər açıq şəkildə göstərir ki, hazırda iqtisadi artımın əsas drayveri enerji sektoru deyil, ticarət və xidmətlər, nəqliyyat və logistika, turizm, həmçinin informasiya-kommunikasiya texnologiyaları kimi qeyri-neft sahələridir.

İnflyasiya proseslərinə nəzər yetirdikdə, Azərbaycan Mərkəzi Bankının pul siyasətinin kifayət qədər effektiv idarə olunduğu müşahidə edilir. 2025-ci ildə illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil edib. Əsas inflyasiya təzyiqi, ən böyük töhfəni verən ərzaq məhsulları hesabına formalaşsa da, ümumi göstərici hədəf diapazonunda qalmaqla makroiqtisadi sabitliyə xələl gətirməyib. Bununla paralel olaraq, maliyyə sektorunda canlanma müşahidə edilib, bankların kredit portfeli 9,4 faiz artaraq 30,1 milyard manata, əmanətlər isə 14,2 faiz yüksəlib. Pul kütləsinin 10,2 faiz artımı daxili tələbatın və maliyyə vasitəçiliyinin gücləndiyini, iqtisadi artımın getdikcə daha çox daxili resurslara söykəndiyini deməyə əsas verir.

Xarici sektorun təhlili göstərir ki, Azərbaycan strateji valyuta ehtiyatları hesabına güclü “təhlükəsizlik yastığına” malikdir. İqtisadi göstəricilərə nəzər saldıqda 2025-ci ildə ticarət dövriyyəsi 48,9 milyard dollar təşkil etsə də, ticarət saldosu cəmi 0,1 milyard dollar profisitlə nəticələnməsi müşahidə edilir. Lakin əsas üstünlük strateji valyuta ehtiyatlarının 85,1 milyard dollar səviyyəsinə çatmasıdır ki, bu da ümumi daxili məhsulun 112 faizi qədərdir və beynəlxalq standartlara görə olduqca yüksək göstərici sayılır.

Dövlət büdcəsinə gəldikdə, 2025-ci ildə 39,2 milyard manat gəlir və 38,6 milyard manat xərclə 580 milyon manat profisit əldə edilib. Burada ən mühüm struktur dəyişiklik qeyri-neft gəlirlərinin ümumi büdcə gəlirlərindəki payının 51,9 faizə çatmasıdır ki, bu da fiskal dayanıqlılıq baxımından kritik dönüş nöqtəsi hesab olunur. Büdcə xərclərinin 39,5 faizini sosial müdafiə təşkil edir, qalan hissə isə müdafiə və təhlükəsizlik, həmçinin azad edilmiş ərazilərin yenidən qurulması kimi prioritet sahələrə yönəldilib.

Dövlət borcunun idarə olunması sahəsində də olduqca müsbət mənzərə müşahidə edilir. 2026-cı ilin əvvəlinə ümumi dövlət borcu ÜDM-in cəmi 20,1 faizi, xarici borc isə ÜDM-in 6,3 faizi səviyyəsində qərarlaşıb. Bu göstəricilər beynəlxalq standartlara görə çox aşağı riskli zona kimi qiymətləndirilir və valyuta ehtiyatlarının borc həcmini dəfələrlə üstələməsi dövlətin borc ödəmə qabiliyyətini daha da möhkəmləndirir.

2027–2030-cu illər üçün ortamüddətli büdcə çərçivəsi isə Azərbaycanın artıq klassik neft əsaslı modelindən tamamilə uzaqlaşaraq yeni iqtisadi inkişaf modelinə keçid etdiyini nümayiş etdirir. Proqnozlara görə, 2030-cu ilə qədər ÜDM 166,9 milyard manata çatacaq, qeyri-neft sektorunun iqtisadiyyatdakı payı isə 81,8 faizə yüksələcək. Orta illik iqtisadi artım tempi 3,3 faiz səviyyəsində proqnozlaşdırılır. Bu dövrdə əsas prioritet istiqamətlər kimi rəqəmsal iqtisadiyyat, süni intellekt və innovasiyalar, logistika və tranzit potensialı, həmçinin yaşıl enerji layihələri müəyyən edilib. Fiskal siyasət isə iqtisadi şaxələndirmənin dərinləşdirilməsi, rəqəmsallaşma, minimum əməkhaqqı və pensiyaların artırılması hesabına sosial siyasətin gücləndirilməsi, artan regional risklər fonunda müdafiə və təhlükəsizlik xərclərinin yüksək səviyyədə saxlanılması, həmçinin Qarabağ və Şərqi Zəngəzurda bərpa və məskunlaşma proseslərinin davam etdirilməsi üzərində qurulub.

Ümumi yanaşmada qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı hazırda makroiqtisadi sabitliyin qorunması, neftdən asılılığın azaldılması və tamamilə yeni diversifikasiya olunmuş inkişaf modelinə keçid olmaqla üç strateji mərhələnin kəsişməsindədir. Neft qiymətlərindən asılılığın qalması və qlobal qeyri-müəyyənliyin yüksək səviyyəsi əsas risklər olaraq qalsa da, yüksək valyuta ehtiyatları, aşağı dövlət borcu və ölkənin strateji coğrafi mövqeyi kimi güclü imkanlar bu keçidin uğurla başa çatması üçün möhkəm baza yaradır. Bu transformasiyanın real uğuru isə birbaşa olaraq qeyri-neft sektorunda məhsuldarlığın real artımından və innovasiya yönümlü islahatların dərinliyindən asılı olacaq.

Müəllif: Aynur Qəniyeva

Избранный
16
1
azertag.az

2Источники