RU

Azərbaycan həm regionda, həm də daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi tanınır ŞƏRH

Bakı, 20 aprel, AZƏRTAC

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyənin Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində tədbirlərdə iştirak etməsi ölkəmizin artan nüfuzu, güclənən mövqeyi və qardaş dövlətin verdiyi yüksək dəyərin göstəricisidir. Azərbaycan dövləti bu gün bir çox regional və qlobal əhəmiyyətli tədbirlərdə aktiv yer alır. Ölkəmiz, həmçinin bir çox mötəbər tədbirlərə ev sahibliyi etməklə qlobal çağırışların məkanı və təşəbbüskarı kimi çıxış edib. Bu mənada Azərbaycanın Antalya Diplomatiya Forumunda iştirakı da səciyyəvi xarakterə malikdir.

Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malik olan Antalya Diplomatiya Forumu qlobal çağırışların müzakirəsi üçün nüfuzlu platforma kimi çıxış edir. Forum çərçivəsində dünyanın müxtəlif regionlarını təmsil edən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış siyasətçilər və ekspertlər bir araya gələrək aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparırlar. Tədbirin gündəliyinə beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, iqtisadi inkişaf, humanitar məsələlər və regional əməkdaşlıq kimi mühüm istiqamətlər daxildir. Forumun açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin iştirakı mühüm önəm kəsb edir. Bu, bir reallıqdır ki, Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursu bir sıra tərəflər üçün məqbul hesab edilir. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasət yürüdərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir. Ölkəmiz həm regionda, həm də daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri də bu xüsusda mühüm önəm kəsb edir. Bu layihələr regionlararası əməkdaşlığın gücləndirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanın iştirak etdiyi layihələr Avropa və Asiya arasında strateji körpü rolunu oynayaraq qlobal iqtisadi inteqrasiyaya da mühüm töhfə verir.

Qlobal problemlərin həllinə verilən töhfə

Deputat bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə bilavasitə beynəlxalq hüququn tələb etdiyi prinsipləri təkbaşına icra edib. Bu mənada ölkəmiz postmünaqişə dövründə regionda formalaşan yeni reallıqlara uyğun olaraq dayanıqlı sülhün əldə olunmasını əsas prioritetlərdən biri kimi qəbul edib. Azərbaycan sülh gündəliyinə sadiqdir, regionda kommunikasiyaların açılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi bu xüsusda daha vacib amil kimi önə çıxır. Forum çərçivəsində Prezident İlham Əliyevin bir sıra yüksəksəviyyəli görüşləri, aparılan müzakirələr də olduqca vacib əhəmiyyətə malikdir. Bu görüşlər zamanı müxtəlif ölkələrin liderləri ilə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ticarət, enerji, nəqliyyat, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, regional və qlobal gündəlikdə duran məsələlər, o cümlədən təhlükəsizlik və sabitlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

S.Hüseynova vurğulayıb ki, Forum çərçivəsində keçirilən panel müzakirələrində və digər tədbirlərdə Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin qlobal problemlərin həllinə verdiyi töhfənin bariz nümunəsi kimi dəyərləndirilir. Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakı, dialoq və əməkdaşlıq platformalarının inkişafına verdiyi dəstək ölkəmizin artan nüfuzunu bir daha nümayiş etdirir.

“Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevin qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. İki qardaş ölkə arasında münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyi və bu əməkdaşlığın regionda sabitlik və tərəqqi üçün mühüm amil olduğu bir da vurğulanıb.

“Ümumilikdə Azərbaycan nümayəndə heyətinin 5-ci Antalya Diplomatiya Forumunda iştirakı ölkəmizin beynəlxalq platformalarda fəal rolunun və qlobal gündəlikdə mühüm söz sahibinə çevrildiyinin daha bir təsdiqi oldu. Bu səfər, eyni zamanda, Azərbaycanın sülh, əməkdaşlıq və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini bir daha göstərib, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edib”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.

Избранный
20
azertag.az

1Источники