RU

Bakıdan Moskva mesajı: Overçukdan kritik təklif 

Xəbər verdiyimiz kimi Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya Biznes Şurasının iclasında Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac olduğunu deyib.

Overçuk qeyd edib ki, Azərbaycanda rus dilinə xüsusi diqqət ayrılır, məktəblərdə bu dil tədris olunur və universitetlər arasında əlaqələrin gücləndirilməsinə maraq var.

Rusiya rəsmisinin sözlərinə görə, Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi də müzakirə edilib.

O əlavə edib ki, tərəflər rus dilinin yayılması sahəsində əməkdaşlıq məsələlərinə də toxunublar. Bununla yanaşı, Azərbaycan Respublikasına Beynəlxalq Rus Dili Təşkilatına qoşulmağı nəzərdən keçirmək təklifi də verilib.

Bu açıqlama Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?

Mövzu ilə ağlı politoloq Qabil Hüseynli Musavat.com-a danışıb:

“Azərbaycanda rus məktəblərinin açılmasına ehtiyac yoxdur. Amma Rusiyada Azərbaycan məktəblərinin açılmasına çox böyük ehtiyac var. Bu günə qədər Rusiyada bir dənə də olsun tam formatlı Azərbaycan məktəbi fəaliyyət göstərmir. Halbuki bunun üçün bina, müəllim heyəti, dərsliklər və digər tədris vəsaitləri lazımdır və bütün bunların kompleks şəkildə təşkil olunması vacibdir.

Rusiyada təxminən 2 milyon azərbaycanlı yaşayır və onların uşaqlarının böyük əksəriyyəti rus dilində təhsil alır. Əgər bu uşaqlar üçün Azərbaycan məktəbləri açılsa, bu, son dərəcə mühüm addım olar. Onlar ana dilində oxuyar, milli kimliklərini daha möhkəm qoruyar və Azərbaycanla mənəvi bağları daha da güclənər. Lakin bu təşəbbüsün reallıqda həyata keçirilib-keçirilməyəcəyini indidən qəti şəkildə demək çətindir”.

Politoloq xatırladıb ki, artıq Azərbaycanda Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin filialı fəaliyyət göstərir:

“Moskva Dövlət Tibb Universitetinin filialı və Moskva Fizika-Texniki Universitetinin Bakı filialı var. Yəni bu sahədə müəyyən infrastruktur və təcrübə artıq mövcuddur. Bu baxımdan yeni universitet ideyası ortaya atılarkən, çox güman ki, fərqli bir konfiqurasiya, yeni model və ya daha spesifik istiqamətlər üzrə ixtisaslaşmış təhsil ocağının yaradılması nəzərdə tutulur.

Bir sözlə, ortaya atılan bu ideya kifayət qədər müsbət və perspektivli görünür. Amma əsas məsələ onun praktik müstəvidə necə və hansı mexanizmlərlə reallaşdırılacağıdır”.
Mənim

Qabil Hüseynli həmçinin vurğulayıb ki, Aleksey Overçukun açıqlamasının Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilmək olar:

“Çünki cəmi bir neçə ay əvvəl iki ölkə arasında münasibətlər kifayət qədər gərgin idi, demək olar ki, “soyuq küləklər” əsirdi. Lakin hazırda vəziyyət dəyişib, münasibətlərdə yumşalma müşahidə olunur, xüsusilə ticarət-iqtisadi əlaqələrdə canlanma var.

Hesab edirəm ki, təhsil layihələri ilə yanaşı, daha çox iqtisadi əlaqələrin gücləndirilməsinə diqqət yetirilməlidir. Xüsusilə sovet dövründə mövcud olmuş kooperasiya əlaqələrinin bərpası, Azərbaycan ilə Rusiya arasında istehsal və sənaye əməkdaşlığını gücləndirən müəssisələrin yenidən işə salınması istiqamətində daha ciddi addımlar atılmalıdır. Bu cür yanaşma yalnız siyasi münasibətləri deyil, həm də iqtisadi dayanıqlığı və qarşılıqlı asılılığı artıraraq əlaqələri daha möhkəm və davamlı edə bilər”.

Xalidə Gəray
Musavat.com

Избранный
16
musavat.com

1Источники