RU

Türkiyə liderləri üz-üzə gətirir - Diplomatik düyün bu şəhərdə açılır?

Antalya Diplomatiya Forumu çərçivəsində ilk dəfə səsləndirilən mümkün liderlər görüşü (Putinlə Zelenski arasında) ideyası artıq real diplomatik müzakirə predmetinə çevrilməkdədir. Son olaraq, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Ukrinform” agentliyinə verdiyi müsahibədə rəsmi Kiyevin Volodimir Zelenski ilə Vladimir Putin arasında birbaşa təmasların qurulması üçün Rəcəb Tayyib Ərdoğan rəhbərliyində Türkiyədən vasitəçilik gözlədiyini açıq şəkildə bəyan edib. Hətta bu formatda görüşdə Donald Trampın mümkün iştirakı ehtimalı diplomatik gündəmi daha da genişləndirir.

"Biz Türkiyədən Zelenski ilə Putin arasında (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) və (ABŞ prezidenti Donald Tramp - red.) Trampın mümkün iştirakı ilə görüşün təşkili imkanını nəzərdən keçirməsini xahiş etmişik. Biz bu görüşə hazırıq", - Sibiqa deyib.

O, Türkiyə diplomatlarının işini yüksək qiymətləndirərək, onu çox səmərəli adlandırıb. Bununla yanaşı, nazir qeyd edib ki, Türkiyə də Rusiya-Ukrayna münaqişəsinin həllində maraqlıdır.

Qardaş ölkənin son illərdə münaqişə tərəfləri arasında balanslı və aktiv vasitəçi rolunu gücləndirməsi fonunda bu təşəbbüs yeni diplomatik mərhələnin anonsu kimi qiymətləndirilir. Antalya platformasında verilən ilkin siqnalların ardınca səslənən bu açıqlamalar göstərir ki, Ankara yalnız regional deyil, qlobal səviyyədə də dialoq məkanına çevrilmək iddiasını davam etdirir.

kenan.jpg

Politoloq Kənan Noruzov Musavat.com-a bildirib ki, Ankara müharibənin ilk günündən etibarən tərəflər arasında vasitəçi olmağa çalışır və ilk gündən bunun üçün səmimi səylər göstərir:

"Həm Rusiya, həm də Ukrayna üçün ən etibarlı tərəfdaş məhz Türkiyə hesab olunur. Zənnimcə, Ankara hər iki ölkənin etibarını qazanmağı bacarıb. Bu baxımdan Rusiya və Ukrayna növbəti danışıqlarda da Türkiyəyə inana bilər. Zelenski daha əvvəl rusiyalı həmkarı ilə görüşə hazır olduğunu bildirib. Onun sözügedən açıqlamasından sonra Sibiqanın səsləndirdiyi fikirlər təəccüblü olmamalıdır. Fikrimcə, Ukrayna ciddi ərazi güzəştlərinə razı olmasa da, danışıqlarda maraqlıdır. Xüsusilə ABŞ-nin sürüşkən mövqeyi və getdikcə azalan dəstəyi, Avropadakı böhran fonunda Ukrayna müəyyən razılıqlara gedə bilər. Bir şərtlə ki, bu, Moskvanın diktəsi olmasın və hər iki tərəfin maraqları təmsin olunsun. Düşünürəm ki, Zelenski və Sibiqanın səsləndəndirdiyi fikirlər də Ukraynanın diplomatiyaya üstünlük verməsinin göstəricisidir".

Politoloq hesab edir ki, Ankara belə bir görüşə ev sahibliyindən imtina etməyəcək:

"Fikrimcə, Moskvadan da "yox" cavabı gəlməyəcək. Mümkün mənfi cavab Rusiyanın danışıqlar istəməməsi kimi qiymətləndiriləcək. Ehtimal edirəm ki, tərəflər arasında mümkün danışıqlar və Türkiyənin ev sahibliyi ilə bağlı müzakirələr başlaya, müxtəlif səviyyələrdə təmaslar baş tuta bilər. Liderlərin yaxın zamanda bir araya gəlməsi inandırıcı olmasa belə, bu, nazirlər və ya işçi qruplar səviyyəsində ola bilər. Beləliklə, Ankaranın proseslərdəki vasitəçilik imkanları və rolu artacaq".

Cavanşir ABBASLI
Musavat.com

Избранный
17
musavat.com

1Источники