RU

Paşinyanın seçki platformasında Azərbaycan AMİLİ – Səslərə BELƏ təsir edəcək

“Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub, Ermənistan üçün dinc inkişaf dövrünün başlanğıcı qoyulub”.

Bu barədə Baş nazir Nikol Paşinyanın partiyasının təqdim elədiyi seçki platformasında deyilir. Orada həmçinin, Azərbaycanla əlaqələrin qurulması siyasətinin yürüdüləcəyi qeyd olunur.

Paşinyan seçki platformasını təqdim edərkən çıxışında bildirib ki, Ermənistanın illərdir davam edən təcrid vəziyyətindən çıxmaq üçün qonşuları ilə münasibətləri prioritet elan edib və keçmişdə Bakı ilə Ankaraya qarşı yeridilən siyasət strateji səhv olub. Baş nazir vurğulayıb ki, Ermənistanın gələcəyi yalnız Gürcüstan, İran, Türkiyə və Azərbaycanla qurulacaq möhkəm əməkdaşlıqdan asılıdır.

Azərbaycanla bağlı məsələnin Paşinyanın partiyasının seçki platformasına daxil edilməsi seçicilərin mövqeyinə necə təsir göstərə bilər?

Aydın

Milli Məclisin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası tərəfindən seçki platformasında Azərbaycanla sülh və əlaqələrin qurulması məsələsinin açıq şəkildə yer alması Ermənistan daxilində seçici davranışına fərqli istiqamətlərdə təsir göstərə bilər: “Birincisi, bu yanaşma müharibədən yorulmuş və sabitlik istəyən elektorat üçün cəlbedici görünə bilər. Xüsusilə iqtisadi çətinliklər, təhlükəsizlik narahatlıqları və regional təcrid fonunda sülh mesajları müəyyən seçici qruplarında normal həyatın bərpası ümidini gücləndirir. Bu baxımdan Paşinyanın platformasındakı bu tezis praqmatik və gələcəyə yönəlik siyasət kimi təqdim oluna bilər.

Digər tərəfdən, Ermənistan cəmiyyətində hələ də mövcud olan revanşist və radikal mövqedə dayanan qüvvələr bu cür ifadələri hakim partiyaya və şəxsən Paşinyana qarşı kampaniyada istifadə etməyə çalışacaqlar. Seçiciləri inandırmağa çalışacaqlar ki, Paşinyan tərəfindən guya reallıqdan uzaq və ya güzəştçi mövqe ortaya qoyulur.

Məncə, bu cür qüvvələrin antitəbliğatı ciddi effekt verməyəcək. Çünki Ermənistan seçicisinin əksəriyyəti üçün bu gün sosial-iqtisadi problemlər daha prioritetdir. Bu problemlərin aradan qalxması üçün isə sülh lazımdır, Azərbaycan və Türkiyə kimi qonşularla əlaqələr qurulmalıdır. Seçicilər bu amili üstün tutaraq səslərini verə bilərlər. Praqmatik və sülh tərəfdarı seçicilər Paşinyanın seçki platformasında Azərbaycanla əlaqələr məsələsinə yer ayrılmasını yəqin ki, müsbət yöndən qiymətləndirəcəklər”.

Etibar Seyidağa,
Musavat.com

Избранный
46
50
musavat.com

10Источники