RU

Bağçalarda uşaqlar necə qidalanmalıdırlar? ARAŞDIRMA

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bağçalarda uşaqların sağlam qidalanması onların fiziki və zehni inkişafında mühüm rol oynayır. Bu yaş dövründə verilən qidalar balanslı, vitamin və mineral baxımından zəngin olmalıdır. Uşaqların gündəlik rasionuna təzə meyvə və tərəvəzlər, süd məhsulları, zülal mənbələri (ət, balıq, yumurta) və tam taxıllar daxil edilməlidir. Eyni zamanda, qida təhlükəsizliyi qaydalarına riayət olunmalı, yeməklər gigiyenik şəraitdə hazırlanmalıdır.

Bununla yanaşı, bağçalarda uşaqlara düzgün qidalanma vərdişləri də aşılanmalıdır. Onlara zərərli qidaların (fast food, qazlı içkilər, çox şəkərli məhsullar) mənfi təsirləri izah edilməli və sağlam alternativlər təqdim olunmalıdır. Qidalanma saatlarının nizamlı olması, porsiyaların uşağın yaşına uyğun seçilməsi də vacibdir. Bu yanaşma uşaqlarda gələcək həyatları üçün sağlam həyat tərzinin formalaşmasına kömək edir.

SİA mövzu ilə bağlı araşdırma edib:

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA)bildirilib ki, menyular ikihəftəlik dövr üçün əvvəlcədən planlaşdırılır və təsdiq edilir:

"Ərzaq məhsullarının çatdırılma periodu onların istifadə müddətindən və saxlanma şəraitindən asılı olaraq dəyişir. Tez xarab olan məhsullar daha qısa intervallarla tədarük edilir, uzun müddət saxlanıla bilən məhsullar isə müvafiq qaydada əvvəlcədən tədarük edilərək təmin olunur. Ət məhsulları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC tərəfindən istifadəyə verilmiş müvafiq portalda qeydiyyatdan keçmiş və təsdiqlənmiş podratçılar vasitəsilə tədarük edilir.

“Bağçalarda şirniyyat və şirin içkilərin miqdarı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş orta sutkalıq qida normaları əsasında müəyyən olunub.

Məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritet istiqamətlərdən hesab olunur:

Bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır. Gigiyena qaydalarına riayət olunmasına yerli təhsil idarələri tərəfindən yerində aparılan yoxlamalar, həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən monitorinqlər vasitəsilə nəzarət edilir".

Məsələ ilə bağlı həkim, dietoloq Ceyhunə Yusifova qeyd edib ki,

“Kiçik mədə tutumuna malik uşaqlar üçün az həcmli, lakin enerji baxımından zəngin qidaların verilməsi daha məqsədəuyğundur. Bu baxımdan fındıq, qoz, kərə yağı və zeytun yağı kimi sağlam yağ mənbələri rasionda üstünlük təşkil etməlidir. Uşaqların şəkər ehtiyacı isə qablaşdırılmış məhsullar və şokolad əvəzinə təbii qidalardan qarşılanmalıdır. Bunun üçün təzə və ya quru meyvələr, təzə sıxılmış şirələr, bal, doşab, ev şəraitində hazırlanmış mürəbbə, tort və peçenyelər, həmçinin südlü desertlər daha uyğun seçimdir. Əksinə, hazır meyvə şirələri, meyvə qatığı və digər şirin içkilər yüksək şəkər tərkibinə görə məhdudlaşdırılmalıdır.

Uşaqlarda qəbizliyin qarşısını almaq və həzm sistemini dəstəkləmək üçün qida rasionuna tərəvəzlər, meyvələr və taxıl məhsulları daxil edilməlidir. Həftədə 2–3 dəfə balıq verilməsi tövsiyə olunur, duz istifadəsi isə minimum səviyyədə saxlanmalıdır. İmmunitetin gücləndirilməsi üçün portağal, mandarin və pomidor kimi C vitamini ilə zəngin qidalar menyuda yer almalıdır. Sümük və dişlərin sağlam inkişafı üçün kalsium mənbəyi olan süd, pendir, qoz-fındıq və yaşıl yarpaqlı tərəvəzlər vacibdir. Kalsiumun mənimsənilməsini artırmaq üçün D vitamini ilə zəngin qidalar – qızılbalıq, skumbriya, qatıq və yumurta sarısı da rasiona əlavə olunmalıdır. Bundan əlavə, dəmir çatışmazlığının qarşısını almaq məqsədilə ət, yumurta, paxlalılar, doşab, yaşıl tərəvəzlər və qoz-fındıq kimi məhsullar menyuda yer almalıdır. Uşaqların daha rahat qidalanması üçün tərəvəzlər xırda doğranmalı, iri ət parçaları əvəzinə isə kiçik hissələr və küftə tipli yeməklər hazırlanmalıdır”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinə nəzarət məqsədilə Agentlik tərəfindən risk əsaslı yoxlama və monitorinqlər həyata keçirilir:

"Bu tədbirlər çərçivəsində qida məhsullarının mənşəyi, saxlanma şəraiti, hazırlanma prosesi və sanitariya-gigiyena tələblərinə əməl olunması yoxlanılır. Qayda pozuntuları və ya keyfiyyətsiz qida ilə bağlı AQTA-nın 1003 Çağrı mərkəzinə məlumat vermək olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
sia.az

2Источники