RU

Brüsseldə dialoq, Belçika və Niderlandda təxribat - Bakıdan SƏRT ETİRAZ

Xəbər verildiyi kimi, Belçikanın və Niderlandın Azərbaycandakı səfirləri Julyen de Frepon və Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

Azərbaycan XİN-dən Musavat.com-a verilən məlumatda qeyd olunub ki, görüşlər zamanı aprelin 16-da Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib.

Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərtib edildiyi, bu qurumlar daxilində dərin kök salmış Azərbaycan əleyhinə qərəzi nümayiş etdirdiyi vurğulanıb.
Sənədlərdə yer alan qəbuledilməz iddiaların beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə olduğu qeyd edilib.

XİN

Bundan əlavə, görüşlər zamanı Azərbaycanın suveren əraziləri ilə bağlı saxta istinadlar, eləcə də Ermənistanın ərazi bütövlüyünün pozulması iddiası, erməni əsilli şəxslərin hüquqları və onların guya qanunsuz həbsi ilə bağlı bütün əsassız ittihamlar qətiyyətlə və sərt şəkildə rədd edilib. Sənədlərin qəbulunun Azərbaycan və Ermənistan parlamentlərinin Spikerləri arasında son görüşlə üst-üstə düşdüyü üçün xüsusilə paradoksal olduğu səfirlərin diqqətinə çatdırılıb.

Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.

Qeyd edək ki, aprelin 16-da Niderland və Belçika parlamentlərinin nümayəndələr palataları növbəti dəfə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Belə ki, Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə, həmçinin, Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Vurğulamaq yerinə düşər ki, aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.

WhatsApp

Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib.

Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayının əvvəlində Bakıda keçirilməsinə qərar verilib. Aİ-nin Azərbaycanla əlaqələrə bu qədər önəm verdiyi bir zamanda, regionda sülhün bərqərar olması üçün göstərilən səylər, verilən açıqlamalar fonunda, üstəlik, eyni gündə Brüsseldə keçirilən görüşdən sonra belə qərəzli qərarların hansı məqsədlə qəbul edildiyi ciddi suallar yaradır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hesab edir ki, belə bir sənədin indi qəbul olunması kifayət qədər ziddiyyətlidir.

WhatsApp

Musavat.com-a şərhində M.Məmmədli bildirib ki, hazırda Ermənistan və Azərbaycan arasında sülh prosesində ciddi müsbət dinamika müşahidə olunur:

“Ermənistan hakimiyyəti əvvəlki ritorikadan, yəni ölkəmizə qarşı əsassız iddialar ritorikasından imtina edib. Belə demək olarsa, sülhə köklənib. Nikol Paşinyan son günlər daxili auditoriya qarşısında verdiyi açıqlamalarda da bildirir ki, keçmiş münaqişənin qalığı olan məsələlərin qabardılmaması lazımdır. Hər iki ölkənin sülh prosesində ciddi irəliləyişlər əldə etdiyi mərhələdə Avropa ölkələrində qəbul edilən qərarlar absurd görünür. Sanki bəzi erməni qüvvələrinin müdafiəçisidirlər. Sözsüz ki, sənədlərin qəbulunda erməni lobbisinin çox ciddi təsiri olub. İlk növbədə erməni diaspor qruplarının təsiri ilə qeyri-sağlam, əsassız, qərəzli sənədlər qəbul olunur. Təbii ki, Avropa parlamentlərində belə sənədlərin qəbulu sülh prosesinə zərbə kimi dəyərləndirilməlidir. Eyni zamanda qeyd olunan qərarlar Aİ-nin regional siyasəti ilə ziddiyyət təşkil edir. Həm şimalda, həm də cənubda baş verən müharibələr fonunda Azərbaycanın Aİ üçün geosiyasi əhəmiyyəti xeyli artıb. Son zamanlar Aİ ilə Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Hesab edirəm ki, belə sənədləri qəbul etdirənlərin əsas məqsədi ilk növbədə sülh prosesinə, regionda formalaşmış kövrək sülhə zərbə vurmaqdır”.

Nigar Həsənli
Musavat.com

Избранный
29
50
musavat.com

10Источники